“İnter” yeni transferini “Lex”lə oyuna sifariş edəcək?
09.07.2010 - 15:35
“İnter” yeni transferini “Lex”lə oyuna sifariş edəcək?
“UEFA-ya göndərdiyimiz iştirak ərizəsinə adları salınmayan futbolçuların problemi yoxdur. Sadəcə, onlar Çempionlar Liqası üçün sifariş olunanlar arasına düşməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş menecerinin müavini Kamran İsmayılov deyib.

Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək “bankirlər” UEFA-ya göndərdikləri siyahıda 24 futbolçunun adını göstərib. Bunlar arasında çempion heyətdən olan litvalı müdafiəçi Paulius Paknis, yeni transferlər – yarımmüdafiəçi Camal Məmmədovla gürcü hücumçu Baçana Sxadadze yoxdur. Özü də sonuncu komandanın baş məşqçisi Kaxaber Sxadadzenin oğludur.

İsmayılovun sözlərinə görə, gürcü çalışdırıcıları ÇL-ə xidmətindən istifadə etməyi lazım bildiyi futbolçuların adını iştirak ərizəsinə daxil edib: “UEFA-ya göndərilən iştirak ərizəsində iki siyahı göstərilir. Bunlardan birində 21 yaşa qədər 5 futbolçumuz yer alıb. Siyahımızda, ümumilikdə 24 futbolçumuz var. UEFA-nın qaydalarına görə, oyuna bir sutka qalmış daha bir futbolçu sifariş edə bilərik. Bunu edəcəyimiz isə indidən dəqiq bir şey deyə bilmərəm. Sadəcə, belə bir hüququmuz var”.

Bu arada “İnter”in düşərgəsində daha bir bolqar futbolçu yer alıb. Bu, Petar Zlatinov və mövsümlərarası fasilədə Rumıniyanın “Styaua” klubunda Jivko Jelevin həmyerlisi Daniel Genovdur. Karyerası boyu vətənində çıxış edən 25 yaşlı sağ cinah müdafiəçisi son iki ili “Belasista” klubunda keçirib. “İnter”in daha bir futbolçu sifariş etmək hüququ olduğundan, bu, elə Genov ola bilər. Ancaq İsmayılov hələ transferin reallaşmadığını bildirib: “Həmin bolqar futbolçu ilə müqavilə bağlamamışıq. Ancaq Genov hazırlığımızda iştirak edir”.

Qeyd edək ki, “İnter” ÇL-in II mərhələsində Polşanın “Lex” klubu ilə görüşəcək. İlk oyun iyulun 13-də Bakıda, cavab görüşü bir həftə sonra Poznan şəhərində keçiriləcək.