“Gəncə” strategiyasını dəyişdi
09.07.2010 - 15:52
“Gəncə” strategiyasını dəyişdi
“Sabah baxışa 5 legioner gələcək. Onlar arasında Bosniya və Herseqovina, Rusiya vətəndaşı da var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.

4 illik fasilədən sonra yenidən Unibank Premyer Liqasında çıxış edəcək “Gəncə” heyətini gücləndirməyə çalışır. Birinci divizionda komandaya kömək edən əksər futbolçuları heyətdə saxlayan əyalət təmsilçisi Ramal Hüseynov, Murad Ağakişiyev və Kənan Kərimovla da ortaq məxrəcə gəlib. Onlarla yaxın günlərdə müqavilə imzalanacaq.

Maraqlıdır ki, “Gəncə” rəsmisi əvvəlcə heyətə legioner oyunçu cəlb etməyəcəklərini açıqlamışdı. Lakin sonradan komanda fikrini dəyişib. Buna səbəb istənilən sayda səviyyəli futbolçunun heyətə cəlb edilməməsidir: “Bəli, demişdim ki, legionerlərin xidmətindən istifadə etməyəcəyik. Ancaq sonradan fikrimizi dəyişdik. Çünki axtardığımız oyunçuları tapa bilmədik. Ola bilsin, bu da seleksiya işlərinə bir qədər gec başlamağımızla əlaqədardır”.

Sonda qeyd edək ki, “Gəncə” Türkiyədə təlim-məşq toplanışı keçirməyi planlaşdırıb. Lakin heyəti komplektləşdirə bilməyən əyalət klubu qardaş ölkəyə getməyə də bilər.