“Xəzər-Lənkəran”la Bakıdakı oyunla bağlı xoş xatirələrim qalıb”
13.07.2010 - 12:45
“Xəzər-Lənkəran”la Bakıdakı oyunla bağlı xoş xatirələrim qalıb”
“Xəzər-Lənkəran”la Bakıdakı oyunla bağlı xoş xatirələrim qalıb. Mən Bakıdakı həmin görüşün iştirakçılarından idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Slavomir Peçko deyib.

25 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının bu gün keçiriləcək II təsnifat mərhələsinin ilk oyunları ərəfəsində Azərbaycan çempionu “İnter”lə qarşılaşma haqqında fikirlərini açıqlayıb.

Poznan təmsilçisində ilk oyununu Bakıda keçirən Peçko klubundakı debütünü yaxşı xatırlayır. UEFA kubokunun “Xəzər-Lənkəran”la matçının baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionuna yenidən qədəm basacaq Slavomir yenə müvəffəqiyyət haqqında düşünür: “İki il əvvəlki oyunla bizim UEFA kubokundakı gözəl avantüramız başladı. Mən ümid edirəm ki, sabah da belə olacaq. Biz qalib gələcəyik və Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləyəcəyik”.

Qeyd edək ki, “Lex”in iki il əvvəl Bakıda 1:0 hesabı ilə qalib gəldiyi matçda Peçko ilə yanaşı, qolun müəllifi Robert Levandovski, həmçinin Manuel Arboleda və Semir Stiliç ilk dəfə Poznan təmsilçisinin formasını geyiblər.