Anatoli Doroş yenə İqor Nakoneçnının rəhbərliyi altında
13.07.2010 - 13:28
Anatoli Doroş yenə İqor Nakoneçnının rəhbərliyi altında
Ötən mövsüm Unibank Premyer Liqasında ikinci bombardir olan moldovalı futbolçu Anatoli Doroş Ukraynaya yollanıb. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın Superliqa klublarına düşə bilməyən 26 yaşlı yığma hücumçusu bu dəfə birinci dəstə təmsilçisi “Çernomorets”də baxışdadır. Odessa klubu ötən mövsümün yekununa görə Premyer Liqada yerini qoruya bilməyib. Doroş komandanın son ikitərəfli oyununda hər hissədə meydanda olub. “Çernomorets”ə birinci diviziona düşəndən sonra İqor Nakenoçnı baş məşqçi təyin olunduğundan, Anatolinin ora gedişi təsadüfi deyil.

Belə ki, hücumçu ukraynalı mütəxəssisin dəvəti ilə 2006/07 mövsümündə İmişlinin “MKT-Araz” klubunda rəhbərliyi altında oynayıb. Doroş bu komandanın avrokuboklarda son oyununda – UEFA kubokunda Polşanın “Qrotslin” klubu ilə səfərdəki görüşündə qırmızı vərəqə alıb. “MKT-Araz” həmin görüşdən sonra – 2007-ci ilin avqustunda dağılaraq, güclülər dəstəsində iştirakını dayandırıb. Nakoneçnı həmin zamanı vətəninə qayıdıb, Anatoli isə ölkəmizdə çıxışını “Standard” klubunda davam etdirib.