Elnur Allahverdiyev: “Qarabağ”ın qrup mərhələsinə düşəcəyinə inanıram
13.07.2010 - 15:47
Elnur Allahverdiyev: “Qarabağ”ın qrup mərhələsinə düşəcəyinə inanıram
“Avropa Liqasındakı uğurlu çıxışa görə, “Qarabağ”ın bütün oyunçularını zəng vurub təbrik elədim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.

Ötən il Ağdamın “Qarabağ” klubunun heyətində uğurlu mövsüm keçirən təcrübəli müdafiəçi komandanın Avropa Liqasında iki mərhələ adlamasında pay sahiblərindən idi. Lakin mövsüm başa çatdıqdan sonra “Qarabağ”la müqaviləsini yeniləməyən Allahverdiyev “Xəzər-Lənkəran”a transfer oldu. Bununla belə, Elnur keçmiş komanda yoldaşlarının uğur qazanacağına inanır: “Onların qrup mərhələsinə düşəcəklərinə inanıram. Komandada qələbə ruhu var və bunu reallaşdıra bilərlər. Futbolçuların hamısı meydanda ürəyini qoyurlar”.

Son vaxtlar yığmamızın da formasını geyinən Allahverdiyevin “Qarabağ”a dönəcəyi ilə bağlı fikirlər səsləndirilir. Ancaq futbolçu “Qarabağ”dan ayrıldığına görə peşman olmadığını və karyerasını “Xəzər-Lənkəran”da davam etdirəcəyini bildirib: “Həyatda heç vaxt heç nəyə görə heyfsilənməmişəm. Bu yolu özüm seçmişəm. Həyatda nə istədiyimi gözəl bilirəm. Özümün həyata baxışım, prinsiplərim var”.