Hollandiya millisinin baş məşqçisi və kapitanı cəngavər oldu
13.07.2010 - 17:25
Hollandiya millisinin baş məşqçisi və kapitanı cəngavər oldu
Futbol üzrə Hollandiya millisinin baş məşqçisi Bert van Marveyk və komandanın kapitanı Covanni van Bronxorst cəngavər titulu alıblar. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, onlar ölkə qarşısında xidmətə görə verilən ali orden – Oranye-Nassau ordeni kavaleri olublar. Bununla da baş məşqçi və kapitan Hollandiyanın dünya çempionatının finalına çıxmasına görə təltif ediliblər.

Onlara Hollandiyanın baş naziri Yan Peter Balkenende ilə görüş zamanı cəngavər statusu verildiyi elan edilib.

Balkenende komandanı finala çıxmasına görə tərifləyib və bildirib ki, Hollandiya yığmasının gələcəkdə dünya çempionu statusu qazanacağına ümid edir: “Gəlin dünya çempionatının növbəti finalını daha 32 il gözləməyək”. Baş nazir hollandların sonuncu dəfə 1978-ci ildə finala çıxmasına işarə edib.

Baş məşqçi və kapitana cəngavər titulunu Hollandiya kraliçası Beatriks verib.