Vladimir Levin: “Lex”i keçmək şansımız qalıb
14.07.2010 - 11:15
Vladimir Levin: “Lex”i keçmək şansımız qalıb
“Komanda yaxşı oynadı. Qol vurmaq üçün şanslarımız oldu. Çox təəssüf ki, istifadə edə bilmədik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Çempionlar Liqasında (ÇL) çıxış edən Bakının “İnter” klubunun kapitanı Vladimir Levin deyib.

Yığmamızın da formasını geyən müdafiəçi komandanı ilk dəfə kapitan kimi meydana ÇL-in II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə Bakıdakı oyunda çıxardı. Güclü rəqiblə görüşdə pis təsir bağışlamayan “bankirlər” oyunun birinci hissəsində qol vurmağa yaxın oldu. Fasilədən sonra da fərqlənmək imkanı qazanan “İnter” bundan istifadə edə bilmədi və nəticədə “vurmayana vurarlar” prinsipi işə düşdü.

Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə uduzan “İnter”in bir həftə sonra Polşada cavab görüşündə işi çətin olacaq. Elə Levin də belə düşünür: “Lex”lə Bakıdakı görüşü təhlil edəcəyik. Qarşıda bir oyun da var. Evdə uduzduğumuzdan cavab matçı çətin keçəcək. Ancaq şansımız davam edir. Bu futboldur”.