“Poşkus “İnter”dən getmək istədiyini mənə deməyib”
14.07.2010 - 13:06
“Poşkus “İnter”dən getmək istədiyini mənə deməyib”
“Robertas Poşkus “İnter”ə dönmək istəmirdi? Bunu ilk dəfə sizdən eşidirəm. O, bununla bağlı mənə heç nə deməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın “Lex” klubu ilə öz meydanındakı görüşdə 0:1 hesabı ilə uduzan “İnter”in start heyətində meydana çıxan Robertas Poşkus yüz faizlik iki qol şansını əldən verdi. Bununla da azarkeşlərin qınaq hədəfinə çevrilən litvalı hücumçu hətta 83-cü dəqiqədə latviyalı həmkarı Girts Karlsonsla əvəzlənərkən fitə basılıb. Lakin Sxadadze Poşkusun çıxışından razıdır. Gürcü çalışdırıcı hücumçunun mövsüm bitdikdən sonra komandadan ayrılmaq istəməsini təkzib edib: “Ola bilsin, Robertas mətbuata belə fikir deyib. Ancaq o, komandadan ayrılmaq istəməsini mənə deməyib. Poşkus təcrübəli hücumçudur və qarşıdakı oyunlarda bizə xeyir verə bilər”.