Ronni Makfol: “Qarabağ” Azərbaycanın “Mançester Siti”sidir
14.07.2010 - 13:29
Ronni Makfol: “Qarabağ” Azərbaycanın “Mançester Siti”sidir
“Ağdamın “Qarabağ” klubu haqda lazımi informasiyanı toplamışıq. Rəqibimiz yaxşı komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiyanın “Portadaun” klubunun baş məşqçisi Ronni Makfol deyib.

Avropa Liqasının II təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq britaniyalıların çalışdırıcısı təmsilçimizlə ilk görüş ərəfəsində müsahibə verib: “Lakin “Qarabağ” I təsnifat mərhələsindəki rəqibimiz Latviya “Skonto”sundan o qədər də çox güclü deyil. Buna görə də səmimi deyə bilərəm ki, onlara qalib gələ bilərik. Lakin özümüzə inanırıq. “Skonto” ilə öz meydanımızdakı 1:1 hesablı heç-heçədən sonra oyunçularla söhbətimiz oldu. Qənaətimiz belə idi ki, mərhələ keçmək şanslarımız yoxdur. Lakin sonda uğur qazandıq. Çox vacibdir ki, indi də belə nəticə əldə edək”.

1985-ci ildən “Portadaun”u çalışdıran Makfol ilk oyunun Şimali İrlandiyada keçirilməsini müsbət hal sayır: “İlk oyunu öz meydanımızda keçirməyimiz də xeyrimizə olan amildir. Çünki burada onların nəyə qadir olduğunu görəcəyik və səfər oyununda işimizi biləcəyik. Mən əminəm ki, “Şemrok Park” stadionunda yaxşı nəticə qazana bilərik. Bunu etsək, mərhələ şanslarımız böyük olacaq”.

“Qarabağ”ın maliyyə durumundan xəbərdar olduğunu bildirən Makfol bir-birinə zidd fikirlər də səsləndirib. Ağdamlıların o qədər də zəngin klub olmadığını iddia edən mütəxəssis təmsilçimizi planetin ən varlı klublarından biri olan “Mançester Siti”yə bənzədib: “Bildiyim qədər onların büdcəsi o qədər də böyük deyil. “Qarabağ” Azərbaycanın “Mançester Siti”sidir. Düşünürəm ki, bu çox maraqlı olacaq”.

Qeyd edək ki, “Portadaun” - “Qarabağ” oyunu sabah keçiriləcək.