“Xəzər-Lənkəran”ı böyük ehtimalla əcnəbi çalışdıracaq”
14.07.2010 - 14:05
“Xəzər-Lənkəran”ı böyük ehtimalla əcnəbi çalışdıracaq”
“Baş məşqçi axtarışları davam edir. Bu iş klub prezidentinin nəzarəti altındadır. Bir həftə ərzində yeni baş məşqçinin kimliyi dəqiqləşəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Avropa Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdıqdan sonra istefa verən Ağasəlim Mircavadovun postunu tərk etməsindən bir həftə ötsə də, yeni çalışdırıcının kimliyi hələ məlum deyil. Buna səbəb əyalət təmsilçisinin hansı məşqçi ilə anlaşacağına qərar verməməsidir.

Nadirovun sözlərinə görə, yeni baş məşqçinin əcnəbi olacağı daha inandırıcıdır: “Əcnəbi və ya yerli olacağını dəqiq deyə bilmərəm. Amma əcnəbi baş məşqçinin gəlmək ehtimalı daha böyükdür. Bu mənim fikrimdir. Qarşıdakı bir həftə ərzində yeni baş məşqçinin adı açıqlanacaq. Hələlik komandaya qapıçılarla işləyən məşqçi Hafiz Əliyev rəhbərlik edəcək”.

Nadirov “Olimpiya” ilə oyunlardan sonra heç bir futbolçunun komandadan uzaqlaşdırılmadığını bildirib: “Hələ heç bir futbolçu ilə yollarımızı ayırmamışıq. Qərarı yeni baş məşqçi verəcək. O kimin getməsini istəsə, yola salacağıq”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın tarixi ərzində 2 əcnəbi baş məşqçisi olub. Bunlar türkiyəli Rasim Kara və ukraynalı Viktor Pasulkodur. Daha bir türkiyəli çalışdırıcı Şenol Fidan 3 oyunluq bu funksiyanı icra edib.