“UEFA “Qarabağ”ın probleminin həllində öz köməyini göstərdi”
14.07.2010 - 16:24
“UEFA “Qarabağ”ın probleminin həllində öz köməyini göstərdi”
“Qarabağ”ın Şimali İrlandiyaya yollanması ilə bağlı problem demək olar həll olunub. Komandamız artıq bu gün səfərə çıxmalıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Avroliqada çıxış edən Ağdamın “Qarabağ” klubu sabah Şimali İrlandiyanın “Portadaun” klubu ilə səfər oyununa yollanmaqda problemlə üzləşib. İlk olaraq viza ala bilməyən komandamızın daha sonra sifariş etdiyi təyyarənin Böyük Britaniyaya buraxılmadığı məlum olub.

Bunun səbəbinin hələ dəqiq müəyyənləşmədiyini deyən AFFA-nın baş katibinin sözlərinə görə, problem həllini tapır: “Əsas odur ki, komandamız elə bu gün səfərə çıxa biləcək. UEFA da bu məsələdə öz dəstəyini, köməyini göstərdi. Qitə futbol qurumu problemin qısa müddətdə həll olunması üçün müvafiq orqanlara müraciət etdi. “Qarabağ” vizalarla bağlı həftənin birinci günü Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə müraciət edib. Əgər “Qarabağ” Şimali İrlandiyaya yollanırsa, oyunun təxirə salınmasından söhbət gedə bilməz. Texniki məğlubiyyətə gəlincə, bu, səbəbdən asılıdır. Misal üçün, təyyarə gecikirsə, bu klubun, səhvi deyil. Vizalar heç verilməsəydi, onda müvafiq qərar çıxarıla bilərdi”.

Mehman SÜLEYMANOV