“Bursaspor”un qapıçısı ilə Nizami Sadıqov arasındakı fərq artdı
14.07.2010 - 16:55
“Bursaspor”un qapıçısı ilə Nizami Sadıqov arasındakı fərq artdı
Dünyanın ən məhsuldar qapıçılarının siyahısında dəyişiklik qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) planetin 15 ən çox qol vuran əlcək sahibinin cədvəlini yeniləyib. Sonuncu dəfə bir neçə ay əvvəl açıqlanan siyahı ilə müqayisədə əfsanəvi meksikalı Xorxe Kampos və bolqarıstanlı Dimitar İvankovun göstəricilərində dəyişiklik baş verib.

Əvvəlki kimi yenə 4-cü pilləyə şərik olan qapıçıların hərəsinin hesabında artıq 40 qol var. Kampos karyerasını bitirsə də, araşdırmalar onun 39 deyil, 1 top çox vurduğunu üzə çıxarıb. İvankov isə mövsümün sonlarında 40-cı qolunu vurmuşdu. “Bursaspor”da çıxış edən Dimitar artıq 3-cü olan kolumbiyalı Rene İqitadan 1 qol geri qalır.

Bombardir qapıçıların cədvəlinə isə braziliyalı Rojerio Seni (89) və paraqvaylı Xose Luis Çilavert (62) başçılıq edirlər. 15 ən məhsuldar qapıçı arasında yeganə Azərbaycan təmsilçisi Nizami Sadıqovun mövqeyi isə yenə dəyişməz qalıb. Karyerası ərzində 21 qol vuran “Turan” və “Kəpəz”in sabiq futbolçusu ümumi siyahıda 13-cü yerə şərikdir.