Avrokuboklarda əsas ümidlərimiz: “Bakı”lı Şafer nə vəd edir?
14.07.2010 - 17:17
Avrokuboklarda əsas ümidlərimiz: “Bakı”lı Şafer nə vəd edir?
Sabah Avroliqanın II təsnifat mərhələsinin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, son Azərbaycan kubokunun qalibi “Bakı” klubu avrokuboklarda cari mövsümdə mübarizəyə başlayan son təmsilçimiz olacaq.

Almaniyalı mütəxəssis Vinfred Şaferin baş məşqçisi olduğu komanda Çernoqoriyanın vitse-çempionu “Buduçnost”u qəbul edəcək. Premyer Liqamızın son bürünc mükafatçısı “Qarabağ” isə Şimali İrlandiyanın “Portadaun” klubunun qonağı olacaq. İlk mərhələdə Makedoniyanın “Metallurq” klubunu asanlıqla keçən “Qarabağ”ın indi əsas problemi səfərə çıxmaqla bağlıdır. Əvvəlcə viza, ardından nəqliyyat problemi ilə üzləşən ağdamlılar oyuna bir gün qalmış Şimali İrlandiyaya yollana bilmirdilər. Təbii ki, bütün bunların mənfi fəsadları gözlənilsə də, çətinliklərə sinə gərən “Qarabağ”ın bu sınaqdan da üzüağ çıxacağına inanırıq.

“Xəzər-Lənkəran” Avroliqada mübarizəni dayandırdıqdan, Çempionlar Liqasında iştirak edən “İnter” isə evdə Polşanın “Lex” klubuna uduzaraq (0:1) mərhələ keçmək şanslarını daha da azaldandan sonra bütün diqqətimiz “Qarabağ”la “Bakı”ya yönəlib. Əslində bu iki komanda elə ötən yaydan avrokuboklarda əsas ümidlərimizdir. Məhz “Qarabağ”la “Bakı” Avroliqanın son təsnifat mərhələsinə kimi irəliləyərək, mübarizəni qrup mərhələsinin bir addımlığında dayandırdı. Bu, 1994-cü ildən başlayan avrokubok tariximizdə ən yaxşı göstəricidir. Özü də təmsilçilərimiz son mövsümdə öz ölkələrinin çempionları olan “Tvente” (Hollandiya) ilə “Bazel”ə (İsveçrə) uduzdu.

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında çıxışını davam etdirirsə, “Bakı”da mövsüm bitəndən sonra baş məşqçi dəyişikliyi oldu. “Zolaqlılar” Vinfred Şafer kimi tanınmış, təcrübəli alman mütəxəssisi sükanı arxasına gətirdi. Əsas uğurları Kamerun yığmasında olan, Afrika Millətlər Kubokunu, Konfederasiyalar Kubokunun gümüş medalını qazanan 60 yaşlı çalışdırıcıya böyük ümidlər bəsləyirik. “Bakı”nın mövsümlərarası fasilədə transfer bazarında ən fəal klub olduğunu desək, yanılmarıq. Ölkə kubokunun sahibi əsasən yığma üzvlərini heyətinə cəlb etdi ki, onlar arasında ən gurultulu transfer Joel Epalle oldu. 32 yaşlı kamerunlu yarımmüdafiəçi Almaniya bundesliqasında çıxış edən “Bohum”u “Bakı”ya dəyişdi. Epalle milli çempionatımızda çıxış edəcək ilk olimpiya çempionu oldu. Joel məşhur həmyerlisi Samuel Eto’O ilə uzun müddət yığmada oynayaraq, 2000-ci ildə birgə Sidney Olimpiadasının qalibi olub. Şafer vaxtilə rəhbərliyi altında oynayan Epalle ilə yanaşı, əsasən afrikalı futbolçuları transfer etdi ki, bu da “qata qitə”də işlədiyindən onları yaxşı tanıması ilə bağlıdır. “Bakı”nın rəhbərliyi yeni baş məşqçiyə vətənində iki həftə təlim-məşq toplanışı keçmək üçün yaxşı şərait yaratdı. Orada keçirdiyi 4 yoxlama oyununda uduzmayan komandanın heyətində rəqabət artıb ki, indi bütün bunların bəhrəsini görmək qalır. “Bakı” “Buduçnost”la evdəki oyunda lazımı nəticəni qazanıb, səfərə rahat çıxmalıdır.

Qeyd edək ki, Bakı vaxtilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək “Bakı” - “Buduçnots” görüşünü rumıniyalı Avqustus Viorel Konstanbin idarə edəcək. Oyuna 1 manatlıq bilet alan azarkeşlər üçün qiymətli uduşlar keçiriləcək ki, onlar arasında xarici markalı avtomobil var. “Portadaun” - “Qarabağ” görüşü isə mayda yığmamızın Hondurasla qolsuz heç-heçə nəticələnən yoldaşlıq görüşünü idarə etmiş avstriyalı Oliver Draxtaya tapşırılıb.

Mehman SÜLEYMANOV