“Latviya səfərini heyətimizdəki problemə görə təxirə saldıq”
15.07.2010 - 11:26
“Latviya səfərini heyətimizdəki problemə görə təxirə saldıq”
Yeni mövsümə hazırlığın ikinci mərhələsini ölkə xaricində reallaşdırmaq istəyən Tovuzun “Turan” klubunun Latviyaya səfəri baş tutmayıb. Bu haqda apasport.az saytına məlumat verən klubun baş məşqçisi Sakit Alıyev Baltikyanı ölkəyə səfərin təxirə salınmasını belə izah edib: “Yoxlama oyunları keçirmək üçün Latviyaya getmək istəyirdik. Artıq bilet və viza məsələsi də həll olunmuşdu. Ancaq əsas problem heyətlə bağlıdır. Hələ komanda tam formalaşmayıb. Hər gün düşərgəyə yeni oyunçular gəlir. Biz də onları baxışdan keçiririk. Bu gün heyət komplektləşməyibsə, ölkə xaricinə yollanmağın mənası yoxdur”.

Musa Süleymanovun klubun prezidenti seçilməsindən sonra baş məşqçi postuna qaytarılan Alıyev boşluğu paytaxtda bir neçə yoxlama oyunu keçirməklə dolduracaqlarını bildirib: “Bakıya səfər edəcəyik. Burada 2-3 yoxlama oyununda gücümüzü sınayacağıq. Rəqiblərin kimliyini dəqiqləşdirmək üçün bəzi klublarla danışıqlar aparırıq”.