“Legioner rüsumu ilə bağlı qərar futbolçulara yox, klublara aiddir”
15.07.2010 - 11:37
“Legioner rüsumu ilə bağlı qərar futbolçulara yox, klublara aiddir”
“AFFA-nın İcraiyyə Komitəsinin son iclasında legionerlərə görə ödənilən rüsumlarla bağlı çıxarılan qərar futbolçulara yox, klublara aiddir”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

AFFA-nın İcraiyyə Komitəsinin bu həftə keçirilən iclasında Premyer Liqamızın formatı təsdiqlənməklə yanaşı, klubların xahişi nəzərə alınaraq legionerlər üçün ödənilən rüsumların məbləğinə də baxılıb. Bu rüsum eyni əcnəbi futbolçu üçün 1-ci il 20 min manat, ikinci il 10 min manat, 3-cü və növbəti illər üçün 5 min manat həcmində müəyyənləşdirilib. Hazırda öz ölkəsinin milli komandasının heyətində çıxış edən legionerlər üçün isə rüsum ödənilməməsi qərara alınıb.

Qərarda məbləğin futbolçuya, yoxsa kluba şamil ediləcəyi qaranlıq qalırdı. Misal üçün üç ildir ölkəmizdə “Xəzər-Lənkəran”ın heyətində oynayan braziliyalı futbolçu Juninyo Osvaldo yeni mövsümdən “Bakı”da çıxış edəcək. Onun üçün 5, yoxsa 20 min ödəniləcəyi maraq doğurur. Hər halda, bu, açıqlanan qərara əsasən tam aydınlaşmır. Burada iki variant mümkün idi. Birincisi, bir klubda oynamış legionerin digərinə keçəndə rüsumun ildən-ilə enməsi prosesi davam edir. İkincisi, əcnəbinin komandasını dəyişəcəyi halda, onun üçün ödənəcək məbləğ 20 min manat, yəni hər şey sıfırdan başlayır.

Məsələyə aydınlıq gətirən Məmmədov ikinci variantın tətbiq ediləcəyini bildirib: “Məsələn, Juninyo indi “Bakı”ya keçibsə, ona görə 20 min manat rüsum ödəniləcək. O, ikinci il də bu klubda qalarsa, artıq rüsum 10 min manat təşkil edəcək. Üçüncü il məbləğ daha 50 faiz azaldılacaq. Əgər Juninyo başqa klubumuza keçərsə, ona görə məbləğ yenə ilk ildə 20 min manat təşkil edəcək”.

Mehman SÜLEYMANOV