“Mən “Neftçi”ni İqor Mitreskinin transferi münasibətilə təbrik edirəm”
15.07.2010 - 17:04
“Mən “Neftçi”ni İqor Mitreskinin transferi münasibətilə təbrik edirəm”
“Yaxınlarda oxudum ki, İqor Mitrevski Bakının “Neftçi” klubunda oynayacaq. Deməli, bu, doğru xəbərdir. Mən “Neftçi”ni bu transfer münasibətilə təbrik edirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Moskvanın “Spartak” klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov deyib. 47 yaşlı veteran qapıçının futbolçu karyerasının əsas hissəsi dörd müxtəlif vaxtda şərəfini qoruduğu Moskva “Spartak”ı ilə bağlıdır.

Çerçesov 2002-ci ildə karyerasını bitirdiyi bu komandada İqor Mitreski ilə bir yerdə oynayıb və bu makedoniyalı müdafiəçi “Neftçi”nin son transferidir. Yığmasının kapitanı olan 31 yaşlı Mitreski iki ay öncə Avstriyada keçirilən yoldaşlıq görüşündə millimizə qarşı oynayıb. Həmin vaxt ora gələn “Neftçi”nin baş məşqçisi Arif Əsədov İqorla Makedoniya yığmasının digər üzvü Slavço Georgiyevskini bəyənib. Uzun illərdir yaşadığı Avstriyada yığmamızın və “Neftçi”nin də yoxlama oyunlarını izləyən Çerçesov keçmiş komanda yoldaşının futbolumuzun flaqmanına keçidinə görə sevinir: “Neftçi”nin rəhbərliyi Avstriyada olduğum zamanı onlarla söhbətləşmişdim. Mitrevski yaxşı səviyyəli futbolçudur. Uzun müddət Moskva “Spartak”ında oynayıb. Ona görə hesab edirəm ki, Azərbaycan futbolu yaxşı bir futbolçu ilə dolacaq”.

Mitreski kimi tanınmış futbolçunun gəlişi milli çempionatımıza marağın xeyli artmasının göstəricisidir. Bununla razılaşan “Spartak”ın sabiq çalışdırıcı öz tövsiyələrini də çatdırıb: “Hələ fevralda İqor Ponomaryovun 50 illik yubileyində iştirak etmək üçün Bakıya gəldiyim zamanı çox adamlarla söhbətləşdim, “İnter”in stadionunu gördüm. Ona görə də futbolunuz haqda az-çox məlumatım var. Onda demişdim, indi də təkrar edirəm ki, futbolunuzda müəyyən inkişaf var. Ən əsası, bunu davam etdirmək və futbola pulları düzgün qoymaqdır. Həm insan, həm də maliyyə resurslarından doğru yararlanmaq lazımdır. Çünki futbol irəliləyir və Azərbaycan futbolunun inkişaf etməsini istərdik. Üstəlik, biz “qan qardaşlarıyıq”. Ona görə də futbolunuzu xüsusilə izləyirəm”.

Qeyd edək ki, Mitreski 2001-04-cü illərdə “Spartak”da 85 oyun keçirib.

Mehman SÜLEYMANOV