Vinfred Şafer: Debüt oyunumda qazanılan bu qələbə çox vacib idi
15.07.2010 - 23:12
Vinfred Şafer: Debüt oyunumda qazanılan bu qələbə çox vacib idi
“Bugünkü matçda qələbə qazandığımız üçün çox xoşbəxtik. Hesabda geri düşsək də, qələbə qazana bildik”. Apasport.az saytınn məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin Çernoqoriyanın “Buduçnost” komandası ilə ilk oyunundan sonra almaniyalı mütəxəssis razılığını gizlətməyib. Şafer matç sonrası mətbuat konfransında düşərgələrində bayram əhval-ruhiyyəsi olduğunu bildirib: “Bu gün komandam çox fantastik oyun göstərdi. Qapımızda qol görərkən, futbolçularımız səhvə yol verdilər. Bu, ilk səhv deyildi. Yoxlama oyunlarında da belə qollar buraxmışıq. Çoxlu şanslarımız oldu. Hər iki hissədə xeyli qol vura bilərdik. Amma sonuncu ötürməni verməkdə problemlər olurdu. Onlar driblinqə üstünlük verirdilər. Oyun göstərdi ki, fiziki cəhətdən hər şey tam qaydasındadır”.

Şafer çatışmazlıqları doğuran səbəbləri də izah edib: “Yeni oyunçularımız var. Onlar arasında anlaşma baxımından da müəyyən çatışmazlıqlar var və bunun həlli vaxt tələb edir. Bəzi oyunçular müxtəlif səbəblərdən hazırlıq prosesində tam iştirak etməmişdi. Cavab oyunu ərəfəsində daha bir üstünlüyümüz rəqibi daha yaxşı tanımağımızdır. Bu matçda qələbə qazanmaq vacib idi. Çünki ilk dəfəydi komandanı oyuna çıxarırdım. Şadam ki, bunu bacardıq. Mən bu gün 90 dəqiqə ərzində bizə böyük dəstək verən azarkeşlərə də təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “Bakı” “Buduçnost”la oyunda 2:1 hesablı əzmkar qələbə qazanıb.