AFFA Almaniya-Azərbaycan oyununda azarkeşlərə pulsuz bilet paylayacaq
16.07.2010 - 10:41
AFFA Almaniya-Azərbaycan oyununda azarkeşlərə pulsuz bilet paylayacaq
AFFA Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə bu ilin sentyabrında sentyabrın 7-də Köln şəhərində keçirəcəyi rəsmi oyunda azarkeşlərə yığmamıza dəstək olmaq üçün lazımi şərait yaradacaq.

Apasport.az saytının məlumatına görə, bu məqsədlə Almaniya Futbol İttifaqı ilə əldə olunmuş razılığa əsasən milli komandamızın azarkeşləri üçün AFFA-ya 730 bilet ayrılıb.

Hər biri 35 avro dəyərində olan 400 bilet assosiasiyamız tərəfindən alınaraq, azarkeşlərə pulsuz paylanacaq. İlkin olaraq pulsuz biletlər Avropa ölkələrində təhsil alan və Azərbaycandan bu oyuna gedən azarkeşlərə veriləcək. Qalan biletlər isə xaricdə yaşayan soydaşlarımız arasında bölünəcək. AFFA yığmamıza dəstək olmaq üçün Almaniyadan bilet almaq istəyən soydaşlarımızdan biletlərini azarkeşlərimiz üçün nəzərdə tutulan 6-cı Şimal tribunasına almağı xahiş edir.

Mənbə: affa.az