Aleksey Savinov: Sevindirici haldır ki, zəhmətimizin qarşılığını gördük
16.07.2010 - 12:36
Aleksey Savinov: Sevindirici haldır ki, zəhmətimizin qarşılığını gördük
“Birinci hissədə bir neçə qol vurmaq imkanımız oldu. Ancaq “Buduçnost”un qapıçısını keçə bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun moldovalı legioneri Aleksey Savinov deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Çernoqoriyanın “Buduçnost” klubuna 2:1 hesabı ilə qalib gələn təmsilçimizin 32 yaşlı müdafiəçisi buraxılan qolun komandanı ruhdan salmadığını bildirib: “İlk hissədə əks-hücumda qapımızda qol gördük. Bu qol uşaqları ruhdan salmadı. Təslim olmadıq və mübarizəni sonadək davam etdirdik. Fasilədən sonra çıxıb öz oyunumuzu oynadıq. Komanda yoldaşlarım qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Sevindirici haldır ki, zəhmətimizin qarşılığını aldıq”.

Savinov komandasının ilk görüşdə qələbə qazanmasına baxmayaraq, cavab qarşılaşmasının çətin keçəcəyini qeyd edib: “Buduçnost” çox intizamlı komandadır. Məhz bunun sayəsində qapımıza qol vurdular. Məncə, cavab qarşılaşması çox çətin olacaq”.

Qeyd edək ki, “Bakı” Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə doğma meydanda Çernoqoriyanın “Buduçnost” komandasını 2:1 hesabı ilə məğlub edib.