Bizim dubllar
16.07.2010 - 13:24
Bizim dubllar
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov avrokuboklarda dubl edən 4-cü futbolçumuz oldu. Apasport.az saytının hesablamalarına görə, yığmamızın da üzvü olan 21 yaşlı oyunçu komandasının qitə miqyaslı turnirdə başlayan yolunu davam etdirdi.

Məsələ ondadır ki, avrokuboklarda ilk dublumuza məhz “Qarabağ”ın futbolçusu imza atıb. Bu, hazırda Ağdam təmsilçisinin məşqçisi olan Müşfiq Hüseynovdur. 40 yaşlı veteran hücumçu 11 il öncə Azərbaycan futbol tarixinə qızıl hərflərlə düşən İsrailin “Makkabi” klubu üzərində səfərdə qazandığımız 2:1 hesablı qələbədə ilk dublun müəllifi olub. Məhz Hüseynovun qolları ilə ilk dəfə avrokuboklarda səfərdə qələbə qazanmış və sonda mərhələ keçmişik. Göründüyü kimi, Əfran eyni zamanda məşqçisinin yolunu davam etdirdi və yenə səfərdə dubl 2:1 hesablı qələbəyə səbəb oldu. Fərq ondadır ki, onun dublu “Qarabağ”a bu dəfə əzmkar qələbə qazandırdı.

Qitə miqyaslı turnirdə ikinci dublumuz da 1999-cu ildə olsa da, bu, qələbəyə gətirib çıxarmadı. Hərçənd, keçmiş hücumçu Vadim Vasilyevin qolları ilə “Neftçi” UEFA kubokunda “Srvena Zvezda” kimi güclü rəqiblə Tofiq Bəhramov adına Respublika stadionunda görüşdə tarixi qələbəyə çox yaxın idi. Ancaq belqradlılar oyunun sonunda vurduğu 3 qolla bizi məğlubiyyətlə barışdırdı.

Növbəti dublu 10 il gözləməli olduq. “Bakı”da debütü uğurla alınan braziliyalı Feliks Felipe Almeyda Litvanın “Ekranas” klubu ilə Çempionlar Liqasında iki oyunda üç qol vurdu. Ucaboylu hücumçu Respublika stadionunda etdiyi dublla 4:2 hesablı qələbədə əsas pay sahibi oldu. Yeri gəlmişkən, Felik ötən mövsüm avrokuboklarda 4 qolla bombardirimiz oldu. Cari mövsümdə isə ən sərrast oyunçumuz elə Əfrandır. Avrokuboklarda qol hesabını əvvəlki mərhələdə Makedoniyanın “Metallurq” klubu ilə Respublika stadionundakı oyunda (4:1) açan İsmayılov hesabında 3 qol var. O, “Metallurq”a hər iki oyunda qol vuran komanda yoldaşı Emin İmaməliyevi (2) arxada qoydu. Hüseynov, Vasilyev və Almeydanın hücumçu olduğunu nəzərə alsaq, İsmayılov ilk dubl edən yarımmüdafiəçidir.

Azərbaycan klublarının heyətində avrokuboklarda dubl edən futbolçular

1999/00 mövsümü
İntertoto kuboku, I mərhələ

“Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” – 1:2
Qollar: Müşfiq Hüseynov (2)

UEFA kuboku, I təsnifat mərhələsi
“Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) – 2:3
Qollar: Vadim Vasilyev (2)

2009/10 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi

“Bakı” – “Ekranas” (Litva) – 4:2
Qolar: Feliks Felipe Almeyda (2)

2010 mövsümü
Avroliqa, II təsnifat mərhələsi

“Portadaun” (İrlandiya) – “Qarabağ” – 1:2
Əfran İsmayılov (2)

Mehman SÜLEYMANOV