Mirça Rednik Azərbaycanda tarixə düşdü
16.07.2010 - 14:04
Mirça Rednik Azərbaycanda tarixə düşdü
“Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik Azərbaycan futbol tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, 48 yaşlı çalışdırıcı ölkəmizdə işləyən ilk rumıniyalı mütəxəssis olacaq.

İndiyədək ölkəmizə əsasən postsovet məkanı, Balkan ölkələri və Türkiyədən məşqçilər gəlib. Ancaq bu, o demək deyil ki, Rumıniya futbolumuz üçün yad ölkədir. 2004-cü ildən bu yana Azərbaycana legioner axınında bu ölkənin təmsilçiləri də olub. Onlar arasında “Xəzər-Lənkəran”a da üz tutanlar var. Bu, 2006-cı ilin qışında Moldova yığmasının sabiq baş məşqçisi Viktor Pasulko Lənkəran təmsilçisinin sükanı arxasına gələn zaman baş verib.

Həmin vaxt cənub klubu 4 rumın futbolçu – müdafiəçi Danil Muntyanu (15 oyun, 2 qol), yarımmüdafiəçilər Robert İlyeş (33 oyun, 5 qol, 7 sarı vərəqə), Katalin Lita (9 oyun, 4 qol, 3 sarı vərəqə) hücumçu İonut Savu (11 oyun, 2 qol, 4 sarı vərəqə) transfer edib.

Ancaq Pasulkonun yarım ildən, mövsüm bitəndən sonra qovulması ilə rumın futbolçular da komandadan ayrıldı. Həmin vaxt baş məşqçi postuna keçən Ağasəlim Mircavadov yalnız İlyeşi saxladı. O da Mircavadovun dövründə daha çox ehtiyatda qaldı. Hər halda, Robert 2006/07 mövsümündə “Xəzər-Lənkəran”ın heyətində “qızıl dubl” edərək, getdi.

Mircavadov “Xəzər-Lənkəran”dan ilk gedişinə az qalmış, yəni 2008-ci ilin yayında tanınmış rumıniyalı hücumçu Nikolau Radukanunu (12 oyun 5 qol ) transfer etdi. Ancaq onu UEFA kuboku oyunları üçün sifariş etmək mümkün olmadı. Mircavadov həmin turnirdə Polşanın “Lex” klubu ilə səfərdəki 1:4 hesablı məğlubiyyətdən sonra postunu tərk etdiyindən Radukanu onun rəhbərliyi altında oynamadı. Əsas heyətə düşməkdə çətinlik çəkən Nikolau bir ildən sonra “Xəzər-Lənkəran”dan kənarlaşdırıldı.

Mehman SÜLEYMANOV