Kaxaber Sxadadze: Biz səhvlərimizi düzəltməliyik
21.07.2010 - 09:19
Kaxaber Sxadadze: Biz səhvlərimizi düzəltməliyik
“Lex”in bizimlə oyunlarda favorit göstərilməsi özünü təsdiqləyir. Lakin biz cavab oyununda öz imkanlarımızdan istifadə etmək, qol vurmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin Polşanın “Lex” klubu ilə cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında gürcüstanlı mütəxəssis matçla bağlı fikirlərini açıqlayıb: “Hər komandanın güclü və zəif tərəfləri var. Hamı da səhv edir. Bizim məqsədimiz də “Lex”in bu səhvlərindən yararlanmaqdır. Mən taktika haqda danışmaq istəmirəm. İlk növbədə birinci oyundakı səhvlərimizi düzəltməliyik”.

Sxadadze “Lex”in hansı oyunçularından çəkindiyini açıqlamaqdan imtina edib: “Konkret kiminsə adını çəkmək istəmirəm. Şübhəsiz ki, əsas diqqətimizi Artur Vixnyarekə yönəltməliyik. O, Bakıdakı matçda heç nədən qol vurdu. Belə oyunçulardan çəkinməyə dəyər. Onun həmin qolundan sonra bizim şanslarımız azaldı, lakin itmədi. Sonadək mübarizə aparacağıq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Lex” – “İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.