Xalidu Sissoko inamlı danışdı
22.07.2010 - 15:23
Xalidu Sissoko inamlı danışdı
“Komandamız “Buduçnost”la cavab matçına tam hazırdır. İnanıram ki, yaxşı oyun göstərib, qələbə qazanacağıq”. Bu sözləri apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinə açıqlamasında “Bakı” klubunun qapıçısı Xalidu Sissoko deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində inamlı görünən seneqallı futbolçu “Buduçnost”la görüş haqda fikirlərini açıqlayıb: “Mən komandamızın qol buraxmamağına cavabdehəm. Ümid edirəm ki, bu işin öhdəsindən layiqincə gələ biləcəyəm. Səfərdə də qələbə qazanmaq şansımız böyükdür. Məncə, buna nail olub növbəti mərhələyə adlayacağıq”.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda Sissoko meydana kapitan sarğısı ilə çıxmışdı. Cavab matçında isə bu vəzifənin Cəmşid Məhərrəmova həvalə ediləcəyi gözlənilir.