UEFA “Bakı”ya texniki məğlubiyyət verdi!
22.07.2010 - 15:29
UEFA “Bakı”ya texniki məğlubiyyət verdi!
Avropa Liqasının II təsnifat mərhələsində “Bakı” klubunun Çernoqoriya təmsilçisi “Buduçnost”la ilk oyununun nəticəsi ləğv olunub. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı komandasının iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəldiyi görüşün nəticəsi texniki məğlubiyyətlə əvəzlənib. Buna “zolaqlılar”ın heyətində kamerunlu legioner Joel Epallenin meydana çıxması səbəb olub.

Belə ki, 2006/07 mövsümündə “İraklis”də (Yunanıstan) çıxış edən Joel UEFA kubokunun “Visla” (Polşa) ilə ilk görüşündə qırmızı vərəqə alıb. 2006-cı il sentyabrın 14-də keçirilən ilk qarşılaşmanın 71-ci dəqiqəsində cəzalanan afrikalı futbolçu meydandan birbaşa qovulduğu üçün ən azı 2 oyunluq diskvalifikasiya olunub.

Polşalılarla cavab matçını buraxsa da, yarımmüdafiəçinin cəzası tam bitməyib. “İraklis” iki oyunun nəticəsinə əsasən (Polşada 1:0 hesablı qələbə, Salonikidə 0:2 hesablı məğlubiyyət) mübarizədən kənarda qaldığından, Joelin cəzası hələ də qalmaqdadır. Futbolçu sonradan “İraklis”dən “Bohum”a keçsə də, almanlar axırıncı dəfə qitə miqyaslı turnirlərdə 2004/2005 mövsümündə mübarizə aparıb.

UEFA bu gün “Bakı” klubuna göndərdiyi faksda qərarını açıqlayıb. Qərara görə, təmsilçimizə 0:3 hesablı məğlubiyyət verilib. Bundan başqa, bakılılar 3 min avro cərimələnib. 1 oyunluq cəzası qalan Epalle isə bundan sonra daha iki oyun buraxmalı olacaq.