“Bakı” üzr istədi
22.07.2010 - 17:46
“Bakı” üzr istədi
“Bakı” UEFA tərəfindən aldığı texniki məğlubiyyətlə bağlı rəsmi mövqeyini açıqlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, açıqlamada 22 iyul 2010-cu il tarixdə UEFA-nın İntizam Komitəsindən göndərilən məktubda "Bakı" - "Buduçnost" (2:1) oyununun nəticəsinin ləğv olunduğu və paytaxt klubuna 0:3 hesablı texniki məğlubiyyət verildiyi qeyd olunur.

Buna səbəb bakılıların yeni üzvü Joel Dioden Epallenin 15 iyul 2010-cu il tarixdə keçirilən oyunda meydana çıxması olub.

“2006/2007-ci illər mövsümündə Yunanıstanın "İraklis" klubunun şərəfini qoruyan Epalle "Visla"ya (Polşa) qarşı görüşdə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb və ona 2 oyunluq cəza verilib. "İraklis"lə "Visla"nın cavab matçını buraxan Epallenin daha bir oyunluq cəzası qalıb. Həmin mövsüm "Bohum"a (Almaniya) transfer olunan kamerunlu futbolçu həmin gündən etibarən UEFA bayrağı altında keçirilən oyunlarda iştirak etmədiyi üçün daha bir oyunluq cəzası qüvvədə qalıb. UEFA yeni mövsüm əvvəli Avropa kuboklarının püşkündən sonra cəzası olan və oynamağı yasaqlanan bütün futbolçuların siyahısını iştirakçı klublara göndərir. Həmin siyahıda Joel Dioden Epalle "Bohum" klubunun üzvü kimi göstərilir. Təəssüf ki, həm futbolçunun özü, həm də onun "Bakı"ya transferini ilə məşğul olan menecerlər bu faktı diqqətsiz buraxıblar. Nəticədə, Epalle daha bir oyun cəzalı olduğu halda "Bakı"-"Buduçnost" oyununda iştirak edib. Nəticədə UEFA İntizam Komitəsi "Bakı"-"Buduçnost" qarşılaşmasının nəticəsinin ləğv olunması və komandamıza 0:3 hesablı məğlubiyyət verilməsi barədə qərar qəbul edib” – deyə açıqlamada bildirilir.

Bu gün “Bakı” Çernoqoriyanın paytaxtı Podqoritsada cavab oyununa çıxır. Komandamız bu oyuna 0:3 hesabı ilə başlamaq məcburiyyətindədir.

Rəsmi açıqlamada bütün Azərbaycan ictimaiyyəti və futbolsevərlərdən üzr istəyən “Bakı” mübarizəni sona qədər davam etdirəcəyini və Avropa Liqası yarışlarında var gücünü ortaya qoyacağını bəyan edib.