“Bakı”nın futbolçuları UEFA-nın qərarına münasibət bildirdilər
22.07.2010 - 20:10
“Bakı”nın futbolçuları UEFA-nın qərarına münasibət bildirdilər
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Çernoqoriyanın “Buduçnost” klubu üzərində qələbə qazanan “Bakı”nın futbolçuları həmin nəticənin ləğv olunmasına münasibət bildiriblər. Apasport.az-ın məlumatına görə, klubu rəsmi internet saytına açıqlmama verən oyunçular UEFA İntizam Komitəsinin onlara verdiyi texniki məğlubiyyətdən sonra ruhdan düşməyiblər.

Paytaxt təmsilçisinin üzvləri texniki məğlubiyyətlə əvəzlənən 2:1 hesablı qələbənin ləğv olunmasına üzülsə də növbəti mərhələ şanslarının bitmədiyini düşünürlər.

İlk oyunun sonuncu saniyələrində qələbə qolunu vuran Jaba böyük hesablı qələbə qazanmaq arzusundadır: “Bu cür vəziyyətlə qarşılaşmaq istəməzdik. Amma indi nəyisə dəyişmək mümkün deyil. Bizə yalnız meydana çıxıb, 0:3-ün əvəzini çıxamaq qalır”.

Hücumçu ilə müqayisədə o qədər də inamlı olmayan Aleksandar Soliç də ümidini itirmir: “Belə halla qarşılaşddığımız üçün çox təəssüflənirəm. Lakin qarşıda bizi daha 90 dəqiqə gözləyir. Mübarizə hələ bitməyib”.

Ötən həftə keçirilən matçda bərabərlik qoluna imza atan Saşa Kaykut sərfəli nəticə haqda düşünür: “Bu cür vəziyyəti heç kim ağlına gətirmirdi. İndi yalnız axşamkı matç barədə düşünüb, sərfəli nəticə qazanmalıyıq”.

“Bakı”nın yeni transferlərindən olan İbrahim Kargbo xoşagəlməz hadisənin cavab oyununun nəticəsinə təsir edəcəyinə inanmır: “Bu qərar motivasiyamızı poza bilməz. Biz bura qələbə dalınca gəlmişik. Ona görə də üzərimizə düşəni edib, istədiyimiz nəticəni qazanmalıyıq”.

İlk matçı ehtiyat oyunçular skamyasında keçirən Cəmşid Məhərrəmov 4:0 hesablı qələbəyə ümid edir: : “İndi yalnız meydana çıxıb, 4 cavabsız qol vurmalıyıq. Bilirəm, bu çətin görünür. Amma həyatda, xüsusən də futbolda mümkünsüz heç nə yoxdur”.

Toqo yığmasının müdafiəçisi Dare Nibombenin fikrincə isə bu qərar onların daha əzmlə mübarizə aparmasına səbəb olacaq: “UEFA-nın qərarı heç cür oyunumuza təsir göstərə bilməz. Əksinə, biz indi daha da birləşib, növbəti dəfə vahid komanda olduğumuzu göstərməliyik”.

“Bakı”nın təcrübəli qapıçısı Xalidu Sissoko belə ağır vəziyyətlərdən çıxmağı bacardıqlarını söyləyib: “Bakı” hər zaman çətinliklərə sinə gərməyi bacarıb. Bu sınaqdan da alnıaçıq çıxacağımıza inanıram”.

Moldovalı legioner Vadim Borets də komanda yoldaşları kimi ümidini böyük hesablı qələbəyə bağlayıb: “Çox təəssüflənirəm. Lakin zamanı geri qaytara bilmərik. Bütün gücümüzü meydanda qoyub, bu gün böyükhesabla qalib gəlməliyik”.