Ronni Makfol: Biz bunu gözləyirdik
22.07.2010 - 22:48
Ronni Makfol: Biz bunu gözləyirdik
“Qarabağ”la oyun gözlədiyimiz kimi alındı. Hesabı da biz açdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiyanın “Portadaun” klubunun baş məşqçisi Ronni Makfol deyib.

Avropa Liqasının II təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşan britaniyalıların çalışdırıcısı 1:1 hesabı ilə nəticələnən cavab oyunu haqda fikirlərini açıqlayıb. Qarşılaşmadan sonrakı mətbuat konfransında Makfol ağdamlıların növbəti mərhələyə çıxmağa layiq olduqlarını bildirib: “Lakin bu qoldan sonra rəqib düşərgədə çaşqınlıq yaranmadı. Onlar hesabı bərabərləşdirə bildilər. Biz onların qol vura biləcəyini gözləyirdik. Çünki “Qarabağ” matç boyu güclü futbol nümayiş etdirdi”.

Qeyd edək ki, bir həftə əvvəl Şimali İrlandiyada keçirilən matçda da hesabı britaniyalılar açmışdı. Lakin həmin görüşdə “Qarabağ” 2 qol vuraraq əzmkar qələbə qazanmışdı.