Əfran İsmayılov: Azarkeşləri məyus yola sala bilməzdik
23.07.2010 - 01:07
Əfran İsmayılov: Azarkeşləri məyus yola sala bilməzdik
“Çoxları “Portadaun”u həvəskar komanda adlandırdı. Deyirdilər ki, əksər oyunçuları başqa işlə məşğul olur, peşəkar futbolçu deyillər. Ancaq özünüz də şahidi oldunuz ki, necə mübarizə apardılar”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.

Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” komandasının qapısına vurulan bütün qolların müəllifi olan 22 yaşlı yarımmüdafiəçi cavab oyunu ilə bağlı fikirlərini açıqlayıb. Əfran yaradılan qol imkanlarının boşa verilməsinə aydınlıq gətirib: “Oyun ərzində bir neçə dəfə qol vurmaq imkanımız oldu. Ancaq istifadə edə bilmədik. Bilmirəm bu yorğunluqdan idi ya təcrübəsizlikdən. Tribunalara toplaşan azarkeşləri məyus yola sala bilməzdik. Düzdür, onlara qələbə sevinci bəxş etsək daha yaxşı olardı. Ancaq nə etmək olar, heç-heçə oynadıq. Əsas odur ki, növbəti mərhələyə adladıq”.

Bu il “Qarabağ”ın heyətində ən çox qol vuran futbolçu olan İsmayılov bunun elə də əhəmiyyətli olmadığını düşünür: “Mənim və ya başqasının qol vurmasının elə bir əhəmiyyəti yoxdur. Biz kollektiv futbol oynayırıq. Əsas komandamızın qələbə qazanmasıdır. “Qarabağ”ın heyətində 4 qol vurmuşam. Yenə qol vurmaq istəyirəm. Niyə görə bombardir olmayım? Növbəti oyunlarda da qol vurmaq üçün hər şey edəcəyəm”.

Qeyd edək ki, Əfran İsmayılov “Portadaun”la keçirilən hər iki oyunda rəqib qapılarına 3 dəfə yol tapıb.