“İnanmıram ki, “Visla” “Portadaun” kimi 10 nəfərlə müdafiə olunsun”
23.07.2010 - 01:52
“İnanmıram ki, “Visla” “Portadaun” kimi 10 nəfərlə müdafiə olunsun”
“Portadaun”un belə futbol oynayacağını gözləmirdik. Onlar hətta öz meydanında belə oynamamışdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Gənc müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin Şimali İrlandiya təmsilçisi “Portadaun”la cavab matçından sonra qarşılaşmanı dəyərləndirib: “Oyun ərzində cəmi bir səhv buraxdıq. O, da qolla nəticələndi. Qoldan sonra bir az həyəcan keçirdik. Amma ilk görüşdə iki qol vuran Əfran İsmayılov komandamızı xilas etdi. Qoldan sonra sakit oynamağa başladıq. Daha çox qol vura bilərdik. Təəssüf ki, yaratdığımız imkanlardan yararlana bilmədik. Əgər şanslarımızdan istifadə etsəydik, hesab 7:0, 8:0 olacaqdı”.

Medvedev qoldan sonra həyəcan keçirdiklərini, lakin bunun qısa zaman kəsiyini əhatə etdiyini bildirib: “Qapımızdan qol buraxdıqdan sonra bir qədər qorxu hissi keçirdik ki, birdən ikinci qolu buraxarıq. Özünüz də gördünüz ki, onlar hücum etmirdilər. Bir cərimə zərbəsi qazandılar, ondan da maksimum istifadə etdilər. Yaxşı ki, hesab 1:1 oldu və növbəti mərhələyə vəsiqə qazandıq”.

21 yaşlı müdafiəçi növbəti mərhələdəki “Visla” komandası haqda da fikirlərini bildirib. Medvedev Polşa klubunun “Portadaun”dan çox güclü olduğunu düşünür: “Növbəti mərhələdəki rəqibimiz “Visla” bunlardan çox güclüdür. Onlarla oyuna başqa cür hazırlaşacağıq. İnanmıram ki, “Visla” “Portadaun” kimi 10 nəfərlə müdafiə olunsun. Onlar qol vurmaq üçün hücum edəcəklər. Biz də öz oyunumuzu göstərərək nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, səfərdə “Portadaun”u 2:1 hesabı ilə məğlub edən “Qarabağ” Bakıdakı görüşdə 1:1 hesablı heç-heçə ilə kifayətlənib.