“Buduçnost” Avropa çempionu ilə müqayisə olundu
23.07.2010 - 02:11
“Buduçnost” Avropa çempionu ilə müqayisə olundu
“Bakı” ilə oyundan əvvəl ilk matçın nəticəsinin ləğv olunması xəbərini aldıq. Bu da futbolçularımıza pis təsir etdi”. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Podqoritsanın “Buduçnost” klubunun baş məşqçisi Nikola Rakoyeviç deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda da azərbaycan kubokunun qalibi “Bakı”ya 1:2 hesabı ilə uduzan çernoqoriyalıların çalışdırıcısı qarşılaşma haqda fikirlərini açıqlayıb. Rakoyeviç görüşdən sonra baş tutan mətbuat konfransında ilk oyunun nəticəsinin ləğv olunaraq texniki qələbəylə əvəzlənməsinin yetirmələrinə təsirindən gileylənib: “Texniki qələbə oyunçularımızda arxayınlığa səbəb oldu. Bunun nəticəsi idi ki, ilk hissədə “Bakı” istədiyi kimi oynaya bildi. Fasilədə futbolçularımızla ciddi söhbət etdim. Bu da nəticəsini verdi”.

Rakoyeviç hər iki matçda eyni hesabla uduzmaqlarına baxmayaraq texniki qələbə sayəsində mərhələ adlamaqlarına da münasibət bildirib:
“Futbolda belə şeylər olur. Uzağa getməyək, bizim sabiq Yuqoslaviyanı götürək. Onlar 1992-ci ildə Avropa çempionatının final mərhələsində oynamalı idilər. Lakin ora buraxılmayan yığmanı Danimarka əvəz etdi və çempion oldu”.

Qeyd edək ki, “Bakı” öz meydanındakı qarşılaşmada cəzalı futbolçusu Joel Epallenin xidmətindən yararlandığı üçün 0:3 hesablı məğlubiyyətə məruz qalıb.