“Bakı”dan iki möhtəşəm layihə
23.07.2010 - 09:31
“Bakı”dan iki möhtəşəm layihə
“Bakı” yeni layihələrə start verir. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə komandanın prezidenti Hafiz Məmmədov açıqlama verib: “İki önəmli layihəm var. Birincisi, AFFA-nın da dəstəyi ilə tanınmış mütəxəssislərimiz futbol məktəbləri açsın, mən də klub rəhbəri kimi onlara maddi kömək edim. İkincisi, mövsüm ərzində ev oyunlarımız zamanı uduşlar təşkil olunacaq. Bu, avtomobil, mənzil, xaricə turist səyahəti olacaq. Ayda iki dəfə ev oyunumuzun olacağınızı nəzərə alsaq, hər görüşdə uduşa bir qiymətli hədiyyə, mobil telefona kimi qoyacağıq. Hətta fikrimiz var ki, uduşun qalibinə “Bakı” klubu tərəfindən bir illik əmək haqqı verilsin. Yaxşı baş məşqçi, legioner gətirirəm, oyunlarımıza azarkeş marağını artırmaq istəyirəm. Mənə azarkeş lazımdır. Azarkeşlərdə klub sevgisi yaratmalıyıq. Necə ki Türkiyədə, İngiltərədə və başqa ölkələrdə klubların çılğın azarkeşləri var. Niyə bizdə də belə olmasın? Azarkeşlər millinin oyunlarına vətənpərvərlik hisslərinə görə gəlir”.

Mehman SÜLEYMANOV