Dünya çempionatının formatı dəyişdirilir
24.07.2010 - 13:42
Dünya çempionatının formatı dəyişdirilir
Futbol üzrə dünya çempionatının formatı dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, ingiltərəli futbol mütəxəssisləri CAR-da keçirilən dünya birinciliyinin əksər oyunlarının maraqsız keçdiyini nəzərə alaraq final mərhələsində iştirakçıların sayının azaldılması təklifi ilə çıxış edib.

Futbolun yaradıcıları olan britaniyalılar bu yarış üçün 32 komandanın həddən artıq çox olduğunu düşünürlər. Bu səbəbdən də onlar 16 komandalı sistemə keçməyin zəruriliyini vurğulayır. Özü də bu mundialda iştirakçılar qitələr üzrə bölünməyəcək. Çünki iki mərhələdən ibarət seçmə mərhələnin həlledici oyunlarında qitə prinsipləri rol oynamayacaq.

Yeni layihəyə əsasən mundialın təşkilatçısı yenidən final mərhələsinə birbaşa qatılacaq. Digər yığmalar həmişə olduğu kimi, I seçmə mərhələdə zonalar üzrə mübarizə aparacaqlar. Bundan sonra 60 komanda II seçmə mərhələyə vəsiqə əldə edəcək. Burada Avropa 26, Cənubi, həmçinin Şimali və Mərkəzi Amerika 14, Afrika 10, Asiya ilə Okeaniya da 10 yerə sahib olacaq.

II seçmə mərhələdə komandalar 15 qrupa bölünəcəklər. Püşkatma onların hansı qitəni təmsil etməsindən asılı olmayaraq atılacaq. Evdə və səfərdə olmaqla iki dövrəlik oyunlardan sonra isə 15 qrup qalibi mundiala vəsiqə əldə edəcək. Bu isə o deməkdir ki, final mərhələsinin 16 Avropa komandasının iştirakı ilə keçirilməsi də, onlarsız baş tutması da mümkündür.

İngilislərin iddiasına görə, vəsiqələrin qitələr üzrə bölüşdürülməsinin FİFA-da deyil, meydanlarda qərar verilməsi daha düzgündür.

Qeyd edək ki, final mərhələsində iştirakçıların sayının azaldılması təsadüf nəticəsində çempionata qatılan orta və zəif səviyyəli komandaların qarşısında əlavə maneə yaradır.