Tunc Avşar: Mənim istefa verməyimi klub prezidenti istədi
24.07.2010 - 13:58
Tunc Avşar: Mənim istefa verməyimi klub prezidenti istədi
“Mənim istefa verməyimi klub prezidenti Hafiz Məmmədov istədi. O, baş verənlərdən sonra bütün rəhbərliyin istefa verməli olduğunu bildirdi. Başqalarından xəbərim yoxdur, mən bu tapşırığı yerinə yetirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Avşar deyib.

Azərbaycan kubokunun sahibinin Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırmasından sonra türkiyəli funksioner klubdan ayrılmağa qərar verib. Lakin Avşarın “Bakı”dakı işini davam etdirəcəyi də istisna deyil: “Çernoqoriyadan qayıtdıqdan sonra istefa verib, Türkiyəyə yollandım. İstefamın qəbul olunub-olunmamağını bilmirəm. Yaxın günlərdə Bakıya gəlib, vəziyyətlə maraqlanacağam. Məmmədov istəsə, “Bakı”dakı işimi davam etdirəcəyəm. İstefa verməyim baş verənlərdə günahkar olmağımla bağlı deyil. Mən prezidentimizin tapşırığına əməl etdim. İndi o, məsələni araşdırıb lazım olan qərarı verəcək”.

Qeyd edək ki, Çernoqoriyanın “Buduçnost” klubunu hər iki oyunda 2:1 hesabı ilə məğlub edən “Bakı” qeyri-peşəkarlığın qurbanı olub. Belə ki, cəzalı olan Joel Epallenin Bakıdakı oyunda meydana çıxması UEFA tərəfindən komandaya texniki məğlubiyyətin verilməsi ilə nəticələnib.