“İndi “Turan” komandaya oxşayır” - MÜSAHİBƏ
25.07.2010 - 09:00
“İndi “Turan” komandaya oxşayır” - MÜSAHİBƏ
“Turan” klubunun türkiyəli legioneri Muammer Erdoğdunun apasport.az saytına müsahibəsi

- Hazırlıq barədə nə deyə bilərsiniz?
- Ötən illə müqayisədə bu il hazırlığa 20 gün tez başlamışdıq. Bu da təbii ki, bizim xeyrimizə işlədi. Yəni, daha yaxşı hazırlıq keçmək imkanı əldə etdik. Komandanın gündən-günə irəli getdiyini söyləyə bilərəm.

- Mövsüm başa çatdıqdan sonra həm baş məşqçi, həm də klub rəhbərliyi səviyyəsində dəyişiklik baş verdi. Bu komandaya necə təsir edib?
- Əvvəl baş məşqçimiz Nizami Sadıqov idi. İndi onun köməkçisi Sakit Alıyev baş məşqçidir. Yəni, baş məşqçi məsələsində hansısa problemlə qarşılaşmamışıq. Rəhbərliyə gəldikdə, hər şeyin yaxşıya doğru dəyişdiyini qeyd etməliyəm. Rəhbərlik hər şeyin vaxtlı vaxtında yerinə yetiriləcəyinə dair söz verdi. Halbuki ötən ilin xüsusilə də ikinci dövrəsində klubda rəhbərəlik səviyyəsində sözümüzü deyə biləcəyimiz bir insan yox idi. Pulumuzu kimdən istəyəcəyimizi bilmirdik. Musa Süleymanovun komandaya gəlişindən sonra müəyyən işlər görüldü. İndi “Turan” kluba bənzəyir.

- Artıq yoldaşlıq oyunlarında gücünüzü sınamısınız. Komanda necə təsir bağışladı?
- Fiziki hazırlıq dövrünü yekunlaşdırdıq. Bakıda MOİK və “Qəbələ” ilə qarşılaşdıq. MOİK-i məğlub etsək də, komanda ikinci oyunda daha yaxşı təsir bağışladı. Halbuki onlara yenildik. Yoxlama oyunlarında udub-uduzmaq problem deyil. Əsas olan baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Komandanın necə oynadığını müəyyənləşdirmək vacibdir. Baş məşqçi buna qismən də olsa, ikinci oyunda nail oldu. Bu dəfə Gürcüstana səfər edəcəyik. Orada da 3 yoxlama oyununda gücümüzü sınayacağıq.

- “Qəbələ”yə qarşı daha yaxşı mübarizə apardığınızı dediniz. Onları yenməyə nə çatmadı?
- Yoxlama oyunu olduğuna görə, baş məşqçi baxışa glən uşaqları meydana buraxmışdı. Heç adını bilmədiyimiz futbolçularla bir komandada yer almşdıq. Ona görə də müəyyən qədər anlaşmazlıq oldu. Fikrimcə, Gürcüstandakı yoxlama oyunları daha ciddi əhəmiyyət daşıyacaq. Yəni bu dəfə heyətdə 1-2 baxışa gələn oyunçu meydana çıxacaq. Bu da problem yaratmayacaq.

- Komandada ab-hava necədir?
- 3 ilə yaxındır “Turan”ın formasını geyinirəm. Arxada qalan illərlə müqayisədə, bu mövsüm atmosfer daha yaxşıdır. Komandada qardaşlıq ab-havası var. Aramızda ən yaşlı oyunçu Kamal Ələkbərovdur. Kamal da Tovuzludur. Qalan oyunçular təxminən eyni yaşıddırlar. İnşallah, bu ab-havanı oyunlar zamanı da saxlaya bilsək, istədiyimiz nəticələri əldə edəcəyik.

- Bəs qarşıya hansı məqsəd qoyulub?
- Tovuz Azərbaycanın futbol oynanılacaq ən gözəl güşəsidir. Əsas məqsəd ölkə futboluna yeni oyunçular qazandırmaqdır. İlk hədəfimiz birinci “altılıq”a düşmək olacaq. Ancaq alınmasa, bunu faciəyə çevirmək lazım deyil. Yenə Premyer Liqada qalmaq üçün “vuruşacağıq”.

- Başa çatan mövsümdə bəzi oyunlar oldu ki, azarkeşlər komandadan çox narazı qaldı. Məsələn, “Turan” – “Neftçi” oyunundan. Hətta bu qarşılaşmadan sonra onlar stadiona gəlmədilər. Necə fikirləşirsiniz, azarkeşləri bu cür “sürprizlər” gözləyirmi?
- Bu oyun artıq arxada qaldı. İrəli baxmaq lazımdır. Bu il hər şey fərqli olacaq. Komandanın müəyyən hədəfləri var və ona doğru irəliləyəcək. Yəni idmanda dünən anlayışı yoxdur. Bu gün məşqdir, sabah oyun.

- Heyətdə yeni futbolçular var. Anlaşma baxımından problem yaşamayacaqsınız?
- Müdafiədə yenə Hüseyn İsgəndərovla oynayacağam. Onunla neçə ildir “Turan”da birgə çıxış edirik. Yoxlama oyunları bu baxımdan komandaya çox faydalı olacaq. Ona görə də çoxlu hazırlıq matçları keçirməliyik. Kənarda yaşanan birlik, bərabərlik oyun baxımından da özünü göstərməlidir. Çətinlik yaradacaq futbolçumuz da yoxdur.

- “Turan” son illərdə maddi cəhətdən çətinlik çəkib. Bu gün futbolçular üçün yaradılan şəraitdən necə, razısınızmı?
- Hansısa problemimiz yoxdur. İndi ancaq futbol oynamaq haqqında düşünürük. İnşallah, klub əvəzedici komandadan cəlb edilən futbolçuları ölkə futboluna qazandırmaqla, məqsədinə nail olacaq.

- Artıq bəzi klubların oyunlarını izləmisiniz. Necə fikirləşirsiniz, Premyer Liqanın gərgin keçəcəyini söyləmək olarmı?
- Həqiqətən də komandalar güclüdürlər. Çempionatın çətin keçəcəyini düşünürəm. İddialı klublar yaxşı transferlər reallaşdırdılar. Buna görə də bütün komandalar ilk növbədə çempionatda qalmaq haqqında düşünməlidir.