Elmar Baxşıyev: Hədəfimiz Premyer Liqanın qızıl medallarıdır
25.07.2010 - 16:56
Elmar Baxşıyev: Hədəfimiz Premyer Liqanın qızıl medallarıdır
“Zəhmətimizin bəhrəsini çempionatda görərik, həm klub rəhbərliyini, həm də azarkeşlərimizi sevindirərik". Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun yarımmüdafiəçisi Elmar Baxşiyev deyib.

Hazırda Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “ağ-qaralar”ın 30 yaşlı futbolçusu klubun rəsmi saytına açıqlamasında hazırlıqdan razı qaldığını bildirib: “Boluda keçirilən təlim-məşq toplanışı çox yaxşı gedir. Gündə iki dəfə məşq edirik. Bütün şəraiti yaratdığına görə klubumuzun prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirəm. Həqiqətən də təlim-məşq toplanışında heç bir çətinliyimiz yoxdur”.

Təcrübəli futbolçu flaqmanın oyununun günü-gündən inkişaf etdiyini söyləyib: "Orduspor"la matçda kollektiv oyun nümayiş etdirdik. Bu bir daha onu göstərir ki, komandamızda günü-gündən inkişaf var. Düzdür, yeni oyunçuların kollektivə uyğunlaşmasına bir qədər də vaxt lazımdır. Lakin xüsusilə cavan futbolçuların gəlişindən sonra komanda daha istəkli görünür. "Neftçi"nin böyük potensialı var. Hamıya məlumdur ki, "Neftçi" əsas milli komandaya, eləcə də aşağı yaş qruplarından ibarət yığmalara ən çox futbolçu verən klubdur. Şübhəsiz ki, yeni mövsümdə əsas hədəf Premyer Liqanın qızıl medallarını qazanmaq olacaq".

Baxşiyev avrokuboklarda uğurla çıxış edən "Qarabağ" klubunu da təbrik etməyi unutmayıb: "Avropa Liqasının üçüncü mərhələsinə yüksəlməsi münasibətilə "Qarabağ"ı təbrik edirəm və daha irəli getməyi arzulayıram".