Arif Əsədov: “Neftçi” oyundan-oyuna inkişaf edir
25.07.2010 - 22:26
Arif Əsədov: “Neftçi” oyundan-oyuna inkişaf edir
"Kardemir Karabükspor"la görüşdə futbolçularımızdan razı qaldım. Artıq oyundan-oyuna komandamızda inkişafı görmək mümkündür. "Orduspor" matçı ilə müqayisədə, bu dəfə "Neftçi"nin oyununda keyfiyyət baxımından artım hiss olunur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

O, bu gün Türkiyənin Bolu şəhərində "Kardemir Karabükspor"la keçirilən yoxlama matçından sonra klubun rəsmi saytına verdiyi açıqlamada yetirmələrindən razı qaldığını bildirib: “Məşqlərdə "yükləmə"ni azaltdıqca, futbolçulara yeni güc gəlir ki, bunun da sayəsində onlar tapşırdığımız taktiki gedişləri yerinə yetirməyə çətinlik çəkmirlər. Komanda "Kardemir Karabükspor"la matçda daha istəkli görünürdü, balanslaşmış oyun aparırdı, həm müdafiədə, həm də hücumda inamlı təsir bağışlayırdı".

Əsədov bu yoxlama matçında nəzərə çarpan çatışmazlıqların da olduğinu etiraf edib: "Həqiqətən də görüşün 60-70-ci dəqiqələrində rəqib təzyiqi artıraraq, qapımız önündə təhlükəli epizodlar yaradırdı. İkinci hissədə çoxlu əvəzləmələr etdik. Dəyişikliklərdən sonra istər-istəməz xətlərarası əlaqələr bir az kəsilir, balans itir. Əsas odur ki, komandamız sona qədər mübarizə apardı və qələbə hesabını final fitinədək qorudu".

Mütəxəssis bildirib ki, iyulun 28-də "Qaziantep Böyükşehir Bələdiyyəspor"la yoldaşlıq oyununda da hədəf qələbə qazanmaqdır: "Türkiyədəki son hazırlıq matçında da qalib gəlmək istəyirik ki, həm Premyer Liqanın startı ərəfəsində komandada əhval-ruhiyyəni daha da yüksəldək, həm də futbolçularda özünəinam hissi artsın. Çox sevindirici haldır ki, Türkiyədəki təlim-məşq toplanışında qol buraxmamışıq. Hazırlıq görüşlərində əsas məqsədimiz qapımızın toxunulmazlığını saxlamaqla, qol buraxmaq idi. Hələ ki, işlərimiz plana uyğun gedir".

Qeyd edək ki, “Neftçi” "Kardemir Karabükspor"la görüşdə 1:0 hesabı ilə qələbə qazanıb.