Millimizin futbolçusu bürküyə düşdü
25.07.2010 - 22:37
Millimizin futbolçusu bürküyə düşdü
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev yetirmələrinin Rusiya çempionatının son turunda göstərdiyi oyundan razı qalmayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Terek”lə Vladiqafqazda baş tutan görüşdən sonra təşkil olunan mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb.

Hacıyev rəqiblərini Mahaçqalada deyil, başqa şəhərdə qəbul etmələrinə də toxunub: “Osetiyaya təşəkkür edirəm. Bizi yaxşı qarşıladılar. Öz bazalarını da sərəncamımıza verdilər. Oyuna gəlincə isə bir yandan bürkü özünü göstərdi. Digər tərəfdən isə oyunçularımız tam hazır olmadıqlarını göstərdilər. Bu birinci hissədə daha qabarıq hiss olunurdu. İkinci hissədə nisbətən özümüzə gəldik. Oyundan az razıyam, nəinki nəticədən”.

Qeyd edək ki, “Anji”nin “Terek”u 1:0 hesabı ilə məğlub etdiyi matçda Mahir 90 dəqiqə meydanda olub.