Rednik 4 futbolçunu “Xəzər-Lənkəran”dan uzaqlaşdırdı
26.07.2010 - 09:07
Rednik 4 futbolçunu “Xəzər-Lənkəran”dan uzaqlaşdırdı
“Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi Mirça Rednik islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis 4 futbolçu – qapıçı Dmitri Kramarenko, hücumçular – nigeriyalı Emeka Opara, braziliyalı Mario Souza və Zaur Ramazanovu komandadan kənarlaşdırıb.

Cənub təmsilçisi həmin futbolçularla birtərəfli qaydada ayrılmaq qərarına gəlib. Bu qərarı klub rəhbərliyi və Rednik şənbə günü “Xəzər-Lənkəran”ın əsas və əvəzedici heyəti arasında keçirilən yoldaşlıq oyunundan sonra qəbul edib.

Həmin yoxlama oyunu əsas komandanın 5:0 hesablı qələbəsi ilə nəticələnib. Maraqlıdır ki, bu görüşdə Alim Qurbanov, Xaqani Məmmədov, Amid Hüseynovla yanaşı, Ramazanovla Opara qol vursa da, bu, onlara fayda verməyib.

Qeyd edək ki, “dördlük”dən “Xəzər-Lənkəran”da ən çox oynamış Zaur ötən mövsüm bitəndən sonra geri qaytarılmışdı.