Rail Məlikov: Qarşıya məqsəd qoymuşuq ki, hər 3 oyunda qələbə qazanaq - MÜSAHİBƏ
26.07.2010 - 11:05
Rail Məlikov: Qarşıya məqsəd qoymuşuq ki, hər 3 oyunda qələbə qazanaq - MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Rail Məlikovun müsahibəsi

- “Kardemir Karabükspor” oyunu barədə nə deyə bilərsən?
- Türkiyədə keçirdiyimiz ilk yoxlama matçında "Orduspor"a 4:0 hesabı ilə qalib gəlmişik. Növbəti rəqibimizin güclü olduğunu bilirdik. Çünki "Kardemir Karabükspor" Türkiyə Superliqa təmsilçisidir. Buna görə də qarşılaşmanın çətin olacağını qabaqcadan gözləyirdik. Belə oyunlar Premyer Liqaya daha yaxşı hazırlaşmağımıza imkan yaradır. Çətin də olsa, layiqli qələbə qazandıq.

- Komandanın kapitanı kimi, fikrini bilmək maraqlı olardı. "Kardemir Karabükspor"la matçda "Neftçi"nın hansı cəhətlərini bəyəndin?
- Yoxlama matçları keçirdikcə, komandanın müsbət və mənfi tərəfləri üzə çıxır. Bu oyunda "Neftçi" çoxlu müsbət cəhətlər gördüm. Flavinyo ilk dəfə start heyətdə yer almasına baxmayaraq, yaxşı təsir bağışladı. Bundan başqa, digər oyunçuların da əməyini xüsusi qiymətləndirmək lazımdır.

- İyulun 28-də "Qaziantepspor Böyükşehir Bələdiyyəspor"a qarşı keçirəcəyiniz matç da nəticə baxımından önəm daşıyacaq, yoxsa...?
- Türkiyədəki təlim-məşq toplanışında qarşımıza məqsəd qoymuşuq ki, hər 3 oyunda qələbə qazanaq. Ola bilsin ki, hansısa taktiki dəyişikliklər olacaq. Ancaq istənilən halda, qalib gəlib, Bakıya yüksək əhval-ruhiyyədə dönməyə çalışacağıq.

- Necə düşünürsən, indiki kollektivin gücü Premyer Liqada nəyə qadirdir?
- "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və bütün çempionatlarda qızıl medallar uğrunda mübarizə aparıb. Ötən illə müqayisədə, indiki komandaya daha çox güvənirəm. Bizim komandamızda birlik var, ailə kimiyik. Birlik olan yerdə, həmişə nəticə olur. Başda klubumuzun prezidenti Sadıq Sadıqov olmaqla, "Neftçi"nin bütün üzvlərində inam var. Bu inamı komandaya məhz Sadıq müəllim gətirib. Bunun sayəsində özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq. İnşallah, növbəti mövsümdə qarşıya qoyulan hədəfə çatarıq.

Mənbə: www.neftchifc.com