“MOİK və “Rotor”dan dəvət almışam”
26.07.2010 - 14:41
“MOİK və “Rotor”dan dəvət almışam”
“Xəzər-Lənkəran” klubundan kənarlaşdırılan qapıçı Dmitri Kramarenkonun apasport.az saytına müsahibəsi

- “Xəzər-Lənkəran” rəhbərliyi siz də daxil olmaqla, dörd futbolçu ilə yollarını ayırdı. Bunu necə qarşıladınız?
- Normal. Bu, mənim üçün gözlənilməz olmadı. Əslində, buna hazır idim. Çünki “Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik latviyalı qapıçı gətirir. Onlar Buxarest “Dinamo”sunda birgə çalışıblar. Deyəsən, hətta Rumıniya çempionu da olublar. Baş məşqçinin tanıdığı futbolçunu komandaya gətirməsi normal şeydir. Əsas qapıçı Kamran Ağayev yığmamızın da “1 nömrə”sidir. Latviyalı həmkarım gələndən sonra artıq 3-cü rolda olacaqdım. Mən isə bunu istəmədim. Bu yaşımda 3-cü qapıçı olmağın nə faydası var? Klub rəhbərliyi də məni başa düşdü və ona görə də yollarımızı ayırdıq.

- Klubla müqaviləniz olduğundan, sərbəst gedə bilməzsiniz. Bunun üçün sizə azad agent statusu verilməlidir...
- Hazırda elə bununla məşğuluq. Çalışırıq ki, məsələni tez bir zamanda həll edək. Mən hələ iyunda “Xəzər-Lənkəran” yeni bir illik müqavilə imzaladım. Hərçənd, həmin vaxt başqa variantlarım var idi.

- Hansı?
- Öz klublarımızdan - “İnter” və “Neftçi”dən konkret təkliflərim vardı. Ancaq həmin vaxt komandamızın baş məşqçisi olan Ağasəlim Mircavadova qalacağıma söz vermişdim. Vədimə əməl edərək, digər təkliflərdən üz çevirdim. Həmin vaxt mənə demişdilər ki, narahat olma, hər şey qaydasında olacaq. Başa düşürəm ki, sonradan dəyişiklər oldu. Mircavadov istefa verdi və onun yerinə yeni baş məşqçi gətirildi. Nəticədə indi münasib olmayan vəziyyət yaranıb. Çempionatın startına az qalmış getməli oluram. Məni də başa düşməlidirlər. Klubda çıxış etdiyim uzun müddətdə mən tərəfdən yalnız yaxşı, peşəkar münasibət olub. Elə rəhbərlik haqda da bu sözləri deyə bilərəm. Sadəcə, yeni qapıçı gətiriləcəkdirsə, qərarlarını əvvəldən deyə bilərdilər. Yəni, həmin vaxt yeni müqaviləyə imza atmaya bilərdim və indi işim daha asan olardı. Ancaq hazırda məni fakt qarşısında qoydular. Vəziyyət belə oldusa, məsələmi tezliklə həll etmək lazımdır. Elə Zaur Ramazanovla braziliyalı Mario Souza da yeni müqavilə imzalamışdılar. İndi onlara da yeni klub tapmaq çətin olacaq.

- Çempionatın başlanmasına az qalmış yerli klubların sizə təklif göndərməsi nə dərəcədə realdır?
- Niyə real olmasın? Əgər buradan sərfəli təklif alsam, məmnuniyyətlə qalaram. Əslində, karyeramı “Xəzər-Lənkəran”da bitirmək istəyirdim. Ancaq təəssüf ki, bu, alınmadı. Hər halda, öz klublarımızdan birində oynayıb, yenidən çempion olmaq istərdim. Xaricdən isə təkliflərim var.

- Rusiyadan?
- Bəli. Artıq bu ölkədən mənə zənglər olub. İnternetdən “Xəzər-Lənkəran”dan gedişim haqda xəbəri oxuyanlar isti-isti zəng edib, maraqlanır, təkliflərini irəli sürürlər.

- Konkret hansı klublar?
- Vaxtilə “Terek”də rəhbərliyi altında oynadığım həmyerlimiz Vitali Şevçenko. Bildiyimiz kimi, o, yaxınlarda Rusiyanın birinci divizion təmsilçisi “Rotor”a baş məşqçi təyin olunub. Bundan əlavə, keçmiş komandam olan Moskva MOİK-i məni çağırır. Ordu klubunun əvəzedici komandasına qapıçılarla işləyən məşqçi postuna dəvət edirlər.

- Bunu qəbul edib, 36 yaşında futbolçu karyeranızı bitirməyə hazırsınız?
- Mən hələ minimum iki il də oynamaq istəyirəm. Bilirsiniz, əsas planlarımı vətənimlə bağlı qurmaq istəyirəm. Burada özümün qapıçılar məktəbini açmaq arzum var. Xaricə təhsil almağa yollanmaq istərdim. Bir sözlə, futbolumuzun inkişafına öz töhfəmi vermək istəyirəm. Artıq bunun vaxtıdır.

- “Xəzər-Lənkəran”ın yeni baş məşqçi haqda fikirləriniz necədir?
- Çox yaxşı. Mirça Rednik səviyyəli, ağıllı mütəxəssisdir. Böyük təcrübəyə malikdir. Yollarımızı ayırmağımıza baxmayaraq, onunla heç bir problemim yox idi. Əslində, indi onunla görüşə bilməmişik. Çünki mən Bakıda, o isə hazırlıqla əlaqədar Lənkərandandır. Sonradan görüşüb, sağollaşar və bir-birimizə uğurlar arzulayarıq.

- Bəs yeni qapıçı haqda nə deyə bilərsiniz?
- Açığı, mən onu tanımırdım. Ümumiyyətlə, Denis Romanov haqda eşitməmişdim. Buna görə də onun haqda bir şey deyə bilmərəm.

- “Xəzər-Lənkəran”da qapıçılarla işləyən məşqçi vəzifəsini təklif etsəydilər, bunu qəbul edərdiniz?
- Yox. Çünki bu posta Hafiz Əliyev çalışır. Heç vaxt kiminsə yerinə gəlib, onun işinin itirməsinə razı olmaram. Bu, mənim prinsiplərimə ziddir. İstəmərəm ki, mənə görə Əliyev postunu itirsin.

- Bəs bu vəzifə boş olsaydı?
- Onda bunu qəbul etmək olardı. Uzun illər birgə çalışdığım Kamran Ağayevin üzərində çalışıb, səviyyəsinin daha da artırmasına səy göstərər, qapıçı kimi topladığım təcrübəni onunla bölüşərdim.

- 2006-cı ildən şərəfini qoruduğunuz “Xəzər-Lənkəran”ı hansı hisslərlə tərk edirsiniz?
- Yaxşı. Bu klubda karyeramın ən yaxşı illərini keçirdim. Bir dəfə ölkə çempionluğu, iki dəfə ölkə kuboku, bir dəfə “Birlik kuboku”nu qazandım. “Xəzər-Lənkəran”ın azarkeşləri haqda da xoş sözlər deyərdim. Onlar həmişə bizə dəstək olub, nəticədən asılı olmayaraq, komandaya sadiqliyini nümayiş etdirirdilər. “Xəzər-Lənkəran”ın çempionatda aparıcı mövqeyini qaytarmağın vaxtı çatıb. İnanıram ki, yeni baş məşqçi ilə buna nail olacaqlar.

Mehman SÜLEYMANOV