Türk klubunun borcunu Hadisə “ödəyəcək”
26.07.2010 - 14:57
Türk klubunun borcunu Hadisə “ödəyəcək”
Türkiyə Bank Asiya I liqasında çıxış edən “Mersin İdman Yurdu” borcunu ödəməyin yolunu tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq üzvləri İlqar Qurbanov və Ernani Pereyranın forma geyindiyi komanda avqustun 8-də Suriya millisi ilə yoldaşlıq görüşü keçirəcək və açılış mərasimində Hadisə oxuyacaq.

Klub prezidenti Ali Kahramanlı bildirib ki, belə bir addım atmalarında əsas məqsəd komandasına avtobus almaq və borclarından bir hissəsini ödəməkdir: “Klubu sevən hər kəsin bizə dəstək verəcəyinə əminəm. Çünki bizim belə bir addım atmağımız komandamızın gələcəyi üçündür. İnanıram ki, “Evrovizion” iştirakçısı Hadisənin konserti bizə daha çox pul qazandıracaq”.

Qeyd edək ki, növbəti mövsümdə Türkiyə Super Liqasına yüksəlməyi planlaşdıran “Mersin İdman Yurdu” Hadisə ilə müqavilə imzalayıb və belə konsertlərin tez-tez olması planlaşdırılır.