Rəşad Sadıqov: Biz güclü rəqiblərlə oyunlarda həmişə uduzmuşuq
26.07.2010 - 16:01
Rəşad Sadıqov: Biz güclü rəqiblərlə oyunlarda həmişə uduzmuşuq
“Visla” ilə qarşıdakı səfər oyununa xüsusi hazırlığımız yoxdur. Əvvəlki görüşlərə necə hazırlaşmışdıqsa, bu dəfə də elə. Sadəcə, oyunumuzda dəyişiklik olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.

Avroliqanın III təsnifat mərhələsində Polşanın “Visla” klubu ilə iyulun 29-da çətin qarşılaşmaya çıxacaq ağdamlıların təcrübəli futbolçusu dəyişikliyi hazırlıq yox, oyun planında görür: “Bu, ilk növbədə taktika üzərində olacaq. Məşqlərdə bunun üzərində çalışırıq. Səfərdə fərqli taktiki sistemlə oynamağımız mümkündür. Heyətlə bağlı dəyişikliklər barədə bir söz deyə bilmərəm. Buna baş məşqçimiz qərar verəcək”.

Futbolçu Krakovdakı matçda nəticə haqda indidən çox baş sındırmaq istəmir: “İstəmirəm ki, beynimdə nəticə haqda çox fikirlər olsun. Səfərdə güclü rəqiblə oynayacağıq. Matçın startından çox şey asılı olacaq. Çalışmalıyıq ki, oyuna yaxşı başlayaq, tempə tez düşək. Biz həmişə ilk növbədə Allaha ümid etmişik. İstəyirik ki, Allahın köməyi ilə hər şey bizim üçün yaxşı olsun. “Visla” ilə səfərdə heç-heçə əla olardı. Məncə, minimal fərqli məğlubiyyət də pis deyil. İstənilən halda, biz qələbəyə oynayacağıq. Hansı nəticənin alınacağını isə oyun göstərəcək”.

İndiyə kimi polşalılarla həm yığma, həm də klub səviyyəsində oyunlarımız bizim üçün uğursuzluqla nəticələnib. Elə millimizin kapitanı olan Sadıqov da Polşa yığması ilə rəsmi görüşlərdə iştirak edib. Bütün bunlar isə Polşa sindromu haqda söhbətlərə əsas verir: “Biz güclü rəqiblərlə oyunlarda həmişə uduzmuşuq. Sadəcə, qismət olub ki, polşalılarla daha çox görüşdüyümüzdən, həmin məğlubiyyətlər daha çox yadımızda qalıb. Polşa Avropada ən güclü olmasa da, orta səviyyəli futbol ölkələrindən biridir. Ən əsası, onlar xarakterə malikdir. Polşalılar heç vaxt zəif rəqiblərə yuxarıdan aşağı baxmır, onları oyunda həmişə təzyiq altında saxlayır, görüşə ciddi yanaşır. Onlar özündən zəiflərlə istər klub, istərsə də yığma səviyyəsində görüşdə nəticə qazanır, mərhələ adlayır. Mən polşalıların zəif rəqiblə oyunda büdrədiyini görməmişəm”.

Mehman SÜLEYMANOV