Ronaldinyo “Milan”da qalır
26.07.2010 - 22:22
Ronaldinyo “Milan”da qalır
"Vest Hem" rəhbərliyi "Milan"ın hücumameylli yarımmüdafiəçisi Ronaldinyonu heyətə qatmaq istəyir. Apasport.az saytının xəbərinə görə, ingilislər 30 yaşlı braziliyalı üçün italyanlara 7 milyon avro təklif etmək niyyətindədi. Ronaldinyo ilə ABŞ-ın "Los-Anceles Qelaksi" və Braziliyanın "Flamenqo" klubları da maraqlanır.

Futbolçunun agenti və qardaşı Roberto De Assis isə bildirib ki, Ronaldinyo "Milan"da qalmaq niyyətindədi. "Milan"ın sahibi Silvimo Berluskoni də futbolçunun karyerasının sonunadək "rossonyeri" futbolkası geyəcəyini deyib: "Ronaldinyo karyerasını "Milan"da bitirmək istəyir. Cənab Berluskoninin dedikləri də bizi sevindirdi. Ronni və klub arasında ciddi, möhkəm əlaqələr var. Həmin əlaqələr nə qədər çox davam edərsə, hamı üçün o qədər yaxşıdı. İstəklərimiz də Berluskoninin mövqeyi ilə tam üst-üstə düşür. Klubun vitse-prezidenti Adriano Qalliani ilə görüşüb danışacağam. Ümid edirəm ki, Ronninin müqaviləsinin müddətinin uzadılması ilə bağlı heç bir problem olmaz".

Onun sözlərinə görə, Ronaldinyonun "Los-Anceles Qelaksi"nin oyunçusu Lendon Donovana dəyişdirilməsi ilə bağlı şayiələrin də heç bir əsası yoxdu: "Qardaşım "Milan"ın futbolçusudu və onun klubla imzaladığı müqavilənin vaxtının başa çatmasına bir il qalıb. Klub rəhbərliyi ilə danışıqlar aparacağıq".