“İnter” klubunda ilk məşqçi istefası
27.07.2010 - 15:18
“İnter” klubunda ilk məşqçi istefası
Bakının “İnter” klubunda ilk məşqçi istefası baş verib. Apasport.az saytının məlumatına görə, komandanın gürcüstanlın baş məşqçisi Kaxaber Sxadadze köməkçisi Elxan Abdullayevlə vidalaşmağa qərar verib.

Sxadadze bildirib ki, buna səbəb onun son günlərdə məşqə çıxmayaraq, işinə qeyri-peşəkar münasibətidir: “Bizim yollar ayrılır. Məsələ ondadır ki, bir neçə məşq buraxan Abdullayev bunu səbəbsiz edir. Hesab edirəm ki, bu, Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edən komandanın məşqçisi üçün yolverilməzdir. O, mənə hansısa maliyyə problemlərinin olduğunu dedi. Hərçənd, fikrimcə, vəziyyətdən asılı olmayaraq insan işə çıxmalıdır. Üstəlik, avrokuboklarda vacib oyunlar öncəsi. Hesab edirəm ki, Abdullayev düzgün hərəkət etmədi və mən bunu onun üzünə dedim”.

Qeyd edək ki, vaxtilə yığmamızda braziliyalı Karlos Alberto Torres və almaniyalı Berti Foqtsun köməkçisi olan Abdullayev 2007-ci ildən “İnter”dədir. Əvvəlcə ukraynalı baş məşqçi Valentin Xodukinə yardım edən çalışdırıcı “bankilər”in heyətində hər iki dəfə çempionu olub.

Mənbə: extratime.az