Kamerun yığmasında yeni baş məşqçi
13.08.2010 - 08:48
Kamerun yığmasında yeni baş məşqçi
Kamerun milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsindəki uğursuzluqdan sonra fransalı Pol Le Quenlə yollarını ayıran afrikalılar yenə əcnəbi mütəxəssisə ehtiyac duyub. Bu dəfə “ramolunmaz şirlər”in “sükanı arxasına” ispaniyalı Xavyer Klemente keçib. 60 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Klemente vaxtilə İspaniya və Serbiya yığmalarına rəhbərlik edib. O, Avro-2008-in seçmə mərhələsində Azərbaycan milli komandasına da rəqib olub. Onun rəhbərlik etdiyi Serbiya millisi 2006-cı il sentyabrın 2-də Belqradda 1:0, 2007-ci il oktyabrın 17-də Bakıda isə 6:1 hesabı ilə qalib gəlib. Həmin oyun yığmamızın seçmə mərhələlərdəki ən ağır ev məğlubiyyətidir.