“Qarabağ” “Vestfalenştadion”da dəstəksiz qalmayacaq
13.08.2010 - 09:01
“Qarabağ” “Vestfalenştadion”da dəstəksiz qalmayacaq
Azərbaycanlı azarkeşlər UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Borussiya” – “Qarabağ” matçına pulsuz bilet əldə edə bilər. Apasport.az saytının məlumatına görə, AFFA ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi olan “Qarabağ”ın Almaniyada dəstəksiz qalmamağına çalışır.

Qurum həmyerlilərimizin avqustun 19-da keçiriləcək qarşılaşmanı canlı izləməsi üçün 300 bilet alıb. Buna təmsilçimizə dəstək olmaq istəyən 300-ə qədər həmyerlimizin müraciəti səbəb olub. Bu biletlər Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrə və digər həmyerlilərimizə pulsuz paylanacaq.

Qeyd edək ki, Dortmundun rəsmi adı “Siqnal İduna Park” olan, lakin bütün dünyada “Vestfalenştadion” kimi tanınan arenada keçiriləcək matç Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Mənbə: affa.az