“Qarabağ” texnikalı oyun baxımından o qədər güclü deyil”
13.08.2010 - 12:28
“Qarabağ” texnikalı oyun baxımından o qədər güclü deyil”
“Azərbaycan futbolu haqda danışmağım tezdir. Mənə bir az da vaxt lazımdır ki, futbolunuza daha yaxından bələd olum”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Emil Mpenza deyib.

Belçika yığmasının sabiq hücumçusu ölkəmiz haqda yüksək fikirdə olduğunu açıqlayıb: “Bakıya gəlincə, şəhəriniz haqda məlumatım az idi. Gələndən sonra çox təəccübləndim. Burada inkişaf üçün hər şərait var. Bakıdan xoşum gəlir. Ölkənizdə Avropada gördüyüm hər şeyi görürəm: məşqlər, şərait, tələb. Başqa komandalardan heç nə fərqlənmir. Yeganə fərq futbolçuların adı və statusu ilə bağlıdır. Məsələn, İtaliyada ulduzlar çıxış edir. Burada isə çox tanınmayan futbolçulardır. Bir vaxtlar onların da komandaları qapalı idi. Legionerlərin üzünə qapıları açandan sonra isə indiki, daha maraqlı səviyyəyə çatdılar”.

Mpenza komandasının ilk turda qarşılaşdığı “Qarabağ” haqda da fikirlərini bildirib: “Qarabağ” çox xoşuma gəldi. Hiss olunurdu ki, onlar qələbəyə oynayırlar. Lakin qeyd etməliyəm ki, “Qarabağ” texnikalı oyun baxımından o qədər güclü deyil. Amma elə havada yaxşı oynadılar. Debütümdə Respublika stadionunun ot örtüyünü də unutmuram. İstidən ot quru və ağır idi. Belə meydanda istənilən komandaya çətin olur. Qətərdə fantastik meydanlarda oynayırdım. Burada isə mənə uyğunlaşmaq çətin olacaq. Lakin Azərbaycana oynamağa gəlmişəmsə, meydanlara da öyrəşməliyəm. Digər komandalarınızın oyunları ilə maraqlanmamışam. Futbolunuzda diqqətimi aqressivlik çəkib. Söhbət pressinq etmək, əzmkarlıq, istəkli mübarizə aparmaqdan gedir. Hər ölkənin futbolunun özünə xas cəhəti var. İtaliyada taktika, Braziliya və İspaniyada texnika, sizinkində isə aqresivlik üstünlük təşkil edir”.

Mpenza bildirib ki, komandası Azərbaycan çempionu olmaq uğrunda mübarizə aparır: “Neftçi”nin buna kifayət qədər şansı var. Azarkeşlərə müraciət edib demək istəyirəm ki, mən bura yarım gücü ilə oynamağa gələn ulduz deyiləm. Komandamın titullar qazanması üçün bacardığımı edəcəyəm. İlk oyuna görə, hər hansı nəticə çıxarmaq düzgün olmazdı. Mən həmin matçdan bir neçə gün əvvəl komandaya qoşulmuşdum”.

Mənbə: extratime.az