Qurban Qurbanov: Komandada gərginlik var idi
22.08.2010 - 20:35
Qurban Qurbanov: Komandada gərginlik var idi
"Almaniyada "Borussiya" ilə oyunda aldığımız məğlubiyyətdən sonra komandada müəyyən gərginlik var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının III turunda MOİK-i çətinliklə məğlub edən (1:0) yetirmələrinin Avropa Liqasının “Borussiya” ilə matçından sonra tam özlərinə gəlmədiyini bildirib. Çalışdırıcı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında gərginlikdə olan əsas heyət oyunçularına istirahət verdiyini açıqlayıb: “İlk növbədə bu gərginliyi aradan qaldırmaq istəyirdik. Avroliqanın cavab oyununu da düşünərək bugünkü qarşılaşmada ikinci heyət oyunçularına şans verdik”.

Qurbanov Premyer Liqaya lazımi səviyyədə hazırlaşa bilmədiklərindən də şikayətlənib: “Çempionata yaxşı hazırlaşa bilməmişik. Oyunumuz baxımlı alınmadı. MOİK gənc futbolçulardan təşkil olunub, lakin bu gün yaxşı təsir bağışladılar. Çətin oyun olacağını bilirdik. Minimal hesabla da olsa qalib gəlməyi bacardıq".

Mənbə: pfl.az