“Xəzər Lənkəran” 62-yə çatdı
23.08.2010 - 10:31
“Xəzər Lənkəran” 62-yə çatdı
Unibank Premyer Liqasının III turu “Xəzər Lənkəran”ın daha 3 futbolçusu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, həmin oyunçular karyeralarında ilk dəfə bu klubun formasını geyiblər. “İnter”lə qarşılaşmada start heyətində meydana çıxan Adrian Yordaşe, sonradan mübarizəyə atılan Uinston Parksla Asif Məmmədov “Xəzər Lənkəran”da debütlərini gerçəkləşdiriblər.

Onlar komandanın tarixi ərzində formasını geyənlərin ümumi sayını 111-ə çatdırıblar. Yordaşe və Parksın sayəsində legionerlərin sayı da artıb. Bu matçadək 60 gəlməyə güvənən “Xəzər Lənkəran”in tarixində artıq 62 əcnəbi var.

Rumıniyalı Yordaşe cənub təmsilçisindəki həmvətənlərinin sayını 9-a çatdırıb. Bu isə o deməkdir ki, Türkiyənin klubun tarixindəki vahid liderliyinə son qoyulub. Artıq adıçəkilən hər iki ölkə eyni sayda təmsilçi ilə zirvədə qərarlaşıblar.

Parks isə təkcə “Xəzər Lənkəran”ın deyil, bütün Azərbaycan futbolunun tarixinə düşüb. O, meydana çıxmaqla ölkəmizdə çıxış edən ilk kosta-rikalı olub. Onun vətəni “Xəzər Lənkəran”da təmsil olunan 24-cü ölkə kimi tarixə düşüb: Türkiyə, Rumıniya – hərəyə 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Portuqaliya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika – hərəsi 1.

Qeyd edək ki, Premyer Liqanın ilk iki turunda daha 5 futbolçu “Xəzər Lənkəran” da debüt etmişdi. Stelian Stanku, Dieqo Ruiz və Tural Cəlilovun debütü I, Katalin Doman və Konstantin Arbanasın ilk oyunu II tura təsadüf edib.

Mənbə: lankaranfc.com