Aleksandr Çertoqanov: “Neftçi” klubunu udmalıyıq, udacağıq da!
24.08.2010 - 11:57
Aleksandr Çertoqanov: “Neftçi” klubunu udmalıyıq, udacağıq da!
“Komandamız həftəsonu daha bir çətin oyuna çıxacaq. Buna baxmayaraq, “Neftçi”ni udmalıyıq, udacağıq da”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanov deyib.

Unibank Premyer Liqasının IV turunda “Neftçi” ilə qarşılaşacaq “İnter” hazırlığını davam etdirir. Son oyunda “Xəzər-Lənkəran”la qarşılaşan və paytaxta 1 xalla dönən “bankirlər” bu dəfə medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Neftçi”ni sıradan çıxarmaq niyyətindədir: “Keçmiş komandama qarşı oynamağım elə də əhəmiyyət kəsb etmir. Vacib olan formasını geyindiyin komandaya faydalı olmaqdır. Biz peşəkar futbolçularıq. Hər dəfə keçmiş komandamıza qarşı intiqam hissi ilə mübarizə aparsaq, yaxşı nəticə qazana bilmərik”.

Azərbaycan yığmasının da formasını geyinən yarımmüdafiəçi bildirib ki, mövsümün sonunda qızıl medalları “İnter”in qazanacağına inanır: “Düşünürəm ki, “İnter” titulunu qoruyacaq. Mövsümün sonunda çempion yenə biz olacağıq”.